Sosial şəbəkə və xəbər portallarında Bakıda ana dörd uşağını küçəyə atması ilə bağlı məlumat dərhal aidiyyəti dövlət qurumları tərəfindən nəzarətə götürülərək araşdırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb. O bildirib ki, qadının kimliyi müəyyən olunub.
“Öncə uşaqlar müayinə və müalicə üçün xəstəxanaya yerləşdiriliblər. Qadın isə ərazi üzrə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun övladlarından imtina etməsinin səbəbləri araşdırılır”, – deyə o qeyd edib.
***
Bakıda küçədə valideyni tərəfindən tərk edilmiş dörd uşaq tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə məlumat yayıb.
O bildirib ki, uşaqları üç gün öncə Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin əməkdaşları tapıblar.
K.Ağazadə qeyd edib ki, uşaqlar tibbi müayinə məqsədi ilə Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına yerləşdirilib:
“Sosial Xidmətlər Agentliyi tərəfindən “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdiriliblər. Uşaqların təxminən 14, 5, 4 yaşları və ən kiçiyi isə 5-6 aylıq olar. Böyük qız deyir ki, anası sevgilisi ilə onları parkda qoyub, kirayə ev tapmağa getdiyini deyib. O gedən gedib. Polis əməkdaşları onları tapıb, bölməyə aparıblar.
Böyük qız bildirir ki, balaca olanda Mingəçevirdə yaşayıblar. Anasının adı Günay, nənəsinin adı Nəcibədir. Böyük qızın adı Günəş, atasının adı Asim olmalıdır. Heç bir sənədləri yoxdur. Ehtimal edilir ki, bir müddət Xırdalanda da qalıblar”.