
Ermənistan Zəngəzur dəhlizi mövzusunda iki variantı prioritet hesab edir. Bu ölkəni dəhlizi gündəmə gətirməyə vadar edən əsas məsələ Gürcüstan marşrutunda yaranan problemlərdir. Ermənilər dəhlizin açılmasına nail olmaqla Azərbaycandan neftin, Türkiyədən isə taxılın daşınmasına zəmin yaratmaq istəyirlər.
Bəs Ermənistanın bu istəyi Azərbaycan üçün məqbul variantdırmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, üç ildən artıq müddətdə Zəngəzur dəhlizi ilə bağlı danışıqların nəticə verməməsi müzakirə predmetinin işə yaramadığının göstəricisidir:
“Rusiyanın bu məsələdə marağı olduğunu, dəhlizin təhlükəsizliyini özünün həyata keçirmək istəməsi ilə bağlı israrlarını yaxşı bilirik. Amma məsələ tək bundan ibarət deyil. Ermənistanın özü də bu dəhlizin açılmasında şərtlərini qoymağa çalışır. Bununla da gələcəkdə dəhliz vasitəsilə Azərbaycana təsir edib istəklərini reallaşdırmağı düşünürlər. Sözügedən dəhlizin açılması bu gün üçün ilk növbədə Ermənistana lazımdır. Gürcüstan variantının oradakı siyasi duruma görə etibarsız sayılması Paşinyan hökumətini daha etibarlı, eyni zamanda gələcəkdə ölkənin iqtisadi durumuna müsbət təsir göstərəcək marşrutun üzərində durmağa məcbur edir. Buna görə də hazırda dəhliz mövzusunda müzakirə olunan variantlar gündəmə atılıb. Amma məsələ bundadır ki, dəhlizin açılması yalnız Azərbaycanın buna müsbət cavab verməsindən asılı deyil”.
Elşən Mustafayev
Politoloqun sözlərinə görə, Türkiyə də prosesə razılıq verməlidir:
“Ermənistanın həm Türkiyəyə, həm də Azərbaycana ərazi iddialarının olmaması ilə bağlı hüquqi qərar, sənəd olmalıdır və bu istiqamətdə beynəlxalq öhdəlik götürülməlidir. Yəni konstitusiyalarında əks olunduğu kimi qonşularına qarşı torpaq iddialarından imtina etməlidirlər. Digər variant isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasıdır. Koridorla bağlı razılığın olmaması bu müqavilənin bağlanmasına mane olan əsas səbəblərdən biridir. Hesab edirəm ki, kommunikasiya xətlərinin açılması üçün bu problemlərin həllinin tapılması vacibdir. Zəngəzur kommunikasiya xəttinin açılışı birbaşa Ermənistanın verəcəyi qərarlardan asılıdır. Yəni Ermənistan Rusiyanın koridorun mühafizəsi ilə bağlı regionda mövcudluğunu qəti şəkildə istəmirsə, eyni zamanda bu funksiyanı digər dövlətlərin həyata keçirməsinə, yaxud dolayısı ilə xarici dövlətlərin bu layihəyə nəzarət etməsinə imkan verməməlidir. Region üçün ən uyğun variant Ermənistan və Azərbaycanın dəhlizin təhlükəsizliyi ilə bağlı birgə qərar vermələridir. Təbii ki, Ermənistanın suveren hüquqlarına hər hansı təhdid yaratmadan bunu həyata keçirmək olar. Əks halda sadalanan səbəblər üzündən Azərbaycan bu məsələdə öz şərtlərini irəli sürə bilər və sürməlidir”.
Safura Bənnayeva
Globalinfo.az














