WhatsApp Image 2024 06 09 at 16

Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfəri dövlətlərarası əlaqələrin inkişafı, ticarət, iqtisadi, enerji və digər sahələrdə sazişlərdən kənar bir neçə məqama görə xüsusi diqqət cəlb edir.

Birincisi, siyasi-diplomatik əlaqələr və COP29-a dəstək. Misir ən böyük və qədim müsəlman ölkələrindən biridir. Bu ölkə İslam dünyasında, Asiya və Afrikada ciddi nüfuza, təsir gücünə malikdir, dünyada hesablaşılan dövlətdir. COP29-a ciddi-cəhdlə hazırlaşan Azərbaycan üçün Misirin siyasi-diplomatik, praktiki dəstəyini almaq Azərbaycan üçün çox vacibdir. Bunu İlham Əliyev Qahirədə xüsusi olaraq qeyd etdi.

İkinci mühüm məqam hazırda davam edən Qəzza müharibəsidir. Azərbaycan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir və bu istiqamətdə beynəlxalq platformalarda müsəlman həmrəyliyi cəbhəsindən çıxış edir. Lakin eyni zamanda Azərbaycan İsraillə siyasi, iqtisadi və diplomatik əlaqələrə malik ölkədir. Bu baxımdan Azərbaycanın mövqeyi Misirlə yaxındır. Misir də Fələstin məsələsində həlledici ölkə olmaqla yanaşı İsraillə diplomatik əlaqələrə malikdir. Xüsusən də hazırda Həmas və İsrail arasında aparılan sülh danışıqları prosesinin aparıcı ölkəsi Misirdir.

5ce25c10f9915335b353f1c05e4e3df9 6481076

Son zamanlar İsraillə əlaqələrə görə Azərbaycana qarşı təbliğat kampaniyasını aparılması fonunda Azərbaycan prezidentinin Misirin paytaxtı Qahirədə – hansı ki, hazırda sülh danışıqları burda aparılır – Fələstini dəstəkləyən bəyanatı verməsi və sülh prosesində Misirin mövqeyini xüsusi dəstəkləməsi Bakının mövqeyini elan etməsidir. Dolayısı ilə Bakı sülh prosesində Qahirə xəttində olduğunu vurğulayır və bununla da digər cinahlardan gələ biləcək mənfi təbliğatları zərərsizləşdirir.

Nəhayət, Qahirə səfərinin mühüm elementi Azərbaycan Prezidentinin İslam dünyasının elm və düşüncə mərkəzi olan Əl-Əzhər Universitetinə getməsi və burada universitetin rektoru Şeyx Əhməd ət-Tayyiblə görüşməsi oldu.

Əl-Əzhər dünyanın ən qədim universiteti hesab olunur, 10-cu əsrdə Fatimilər Xilafəti zamanı təsis olunub. Bu univrsitet dünyanın ən qədim və eyni zamanda İslam dünyasının ən nüfuzlu elm və təhsil mərkəzi hesab edilir. Hər il Afrika, Asiya və digər qitələrdən minlərlə insan əl-Əzhərdə təhsil almaq üçün Misirə yollanır. Əl-Əzhər Elmi-Dini Şurası müsəlman aləminin ən nüfuzlu fətva qurumlarından biri hesab olunur. Bu mənada Əl-Əzhər Misir dövlətinə bərabər dini və siyasi nüfuza malik təhsil mərkəzidir.

17178637601434040149 1200x630 90 1

Azərbaycan Prezidentinin səfər proqramına Əl-Əzhəri ziyarətinin daxil edilməsi bu universitetin nüfuzu və Azərbaycan ilə əlaqələrinə görədir. Prezident İlham Əliyev ikinci dəfədir Əl-Əzhəri ziyarət edir, həmçinin Əl-Əzhərin böyük şeyxi rektor Əhməd ət-Tayyib bundan əvvəl Azərbaycanda səfərdə olub və görüşdə bildirildiyi kimi, bu ilin payızında da Bakıya gələcək. Ən əsası COP29 çərçivəsində Əl-Əzhər şeyxinin də dəstəyi ilə Bakıda dini liderlərin görüşü keçiriləcək. Bu, Azərbaycanın COP29 çərçivəsində dini liderlər toplantısı təşəbbüsünün uğuru üçün ciddi bir addımdır.

Azərbaycan və Əl-Əzhər arasında əlaqələr müstəqilliyin ilk illərindən mövcuddur. Azərbaycandan 90-cı illərdə tələbələr bu nüfuzlu universitetə göndərilib. Hazırda da Əl-Əzhərdə azərbaycanlı tələbələr təhsil almaqda davam edir.

Kənan Rövşənoğlu
Xüsusi olaraq Globalinfo.az üçün

Paylaş: