İkinci hamiləliyi olan və 2-ci dəfə qeysəriyyə əməliyyatı olması planlaşdırılan 1993-cü il təvəllüdlü qadın iyunun 3-də, hamiləliyinin 38-ci həftəsində gündüz saatlarında Lənkəran Rayon Perinatal Mərkəzə müraciət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Lənkəran Perinatal Mərkəzində yeni doğulan körpənin ölümü ilə bağlı APA-nın cənub bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, hamilə bütün lazımi müayinələrdən keçirilib: “Saat 21:15-də planlı əməliyyat məqsədilə Doğum şöbəsinə daxil olub. 04.06.2024 tarixində saat təqribən 07:30- 07:35 radələrində müalicə həkimi dölün ürək vurğularını eşitmədiyi üçün əməliyyata alıb, döl ölü doğulub. Hazırda ananın vəziyyəti qənaətbəxşdir. Əməliyyatdan sonrakı nəzarət Reanimasiya şöbəsində davam etdirilir.
Ölü döl təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib”.
***16:00
Lənkəranda bu gün səhər yeni doğulan körpə ölüb.
Globalinfo.az lent.az-a istinadən bildirir ki, bu gün səhər Lənkəran Perinatal Mərkəzində dünyaya gələn oğlan uşağı ölüb.
Yaxınlarının dediyinə görə, uşaqda heç bir problem olmayıb. Uşaq qeysəriyyə əməliyyatı zamanı ölüb.
Əldə etdiyimiz məlumata görə, ölən körpə tanınmış meyxanaçı Oruc Bayramsəsin (Oruc Lənkəranlı) övladı olub.
Körpənin ölümü ilə bağlı araşdırma aparılır.