İranın xilasetmə briqadaları göyərtəsində Prezident İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yerə doğru irəliləyiblər.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Press TV” agentliyi məlumat yayıb. Helikopterin qalıqlarının tapıldığı haqda görüntülər yayılıb.
Xəbərdə deyilir ki, xilasetmə qrupları göyərtəsində İran Prezidenti Rəisinin olduğu helikopterin qəzaya uğradığı əraziyə doğru hərəkət edir.
Türkiyə mediasının xəbərində bildirilir ki, AKINCI PUA-sı mayın 20-i səhər saatlarında İbrahim Rəisini daşıyan helikopterin qalıqları olduğu ehtimal edilən mənbəni müəyyən edib. Koordinatları İran hökuməti ilə bölüşüb.
Qeyd edək ki, Rəisini daşıyan helikopter qəzaya uğradıqdan sonra Türkiyə Milli Müdafiə Nazirliyi axtarış fəaliyyətlərində iştirak etmək üçün AKINCI PUA və gecəgörmə qabiliyyətinə malik “Cougar” tipli helikopter təyin edib.
Xatırladaq ki, mayın 19-da İran prezidenti İbrahim Rəisinin karvanında olan helikopterlərdən biri Azərbaycandan qayıdarkən qəzaya uğrayıb.
“Habertürk”ün məlumatına görə, İranın daxili işlər naziri Vahidi bildirib ki, Rəisini daşıyan helikopter pis hava şəraiti səbəbindən çətin eniş etmək məcburiyyətində qalıb. Rəisinin karvanındakı 3 helikopterdən 2-nin sərt eniş etdiyi, birinin isə qəzaya uğradığı deyilir. Qəzada iştirak edən helikopterlərdən birində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın olduğu açıqlansa da, Rəisinin sağlamlıq durumu ilə bağlı hələlik heç bir açıqlama verilmir. Qəzadan bir neçə saat sonra İran dövlət televiziyası Rəisiyə məxsus helikopterin tapıldığını açıqlayıb. İran Qızıl Aypara Cəmiyyəti sonradan bu xəbəri təkzib edib.
İran dövlət televiziyası prezident və onun nümayəndə heyətini apararkən qəzaya uğrayan helikopterin yerinin müəyyən edildiyini bildirib. İran Qızıl Aypara Cəmiyyəti səhər tezdən verdiyi açıqlamada, “Axtarış qrupları mazut iyi hiss edib” deyib.
İran Telegram kanallarında isə helikopterin qəzaya uğradığı yerin görüntüləri paylaşılıb.
Tahir Turan
Globalinfo.az