5462409

2020-ci ildən başlayan proseslər (müharibə, post müharibə) ilə Azərbaycan geopolitik olaraq marşrutunu, yönünü müəyyən edir. Bu marşrut daha çox Asiyaya – Çin-Rusiya birliyinə tərəf kimi görünür. Bura Türk dünyasına inteqrasiya, Rusiya və başqa MDB ölkələri ilə yaxınlaşma da var.

Azərbaycan iki super gücdən hansı ilə daha yaxındır? Çin-Rusiya ittifaqı, yoxsa ABŞ-Avropa koalisiyası?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, bu gün Azərbaycanın balans siyasətindən imtina edib rəqabət aparan super güclərdən birinə, Çin-Rusiya İttifaqına tərəf meylləndiyini iddia edənlərin sayı çoxdur:

“Bu düşüncə təbiidir. Torpaqlar işğal altında olduğu müddətdə Bakı öz xarici siyasətindəki prioritetlərini ikinci plana çəkərək iki, bəzən də üç qütb arasında balanslaşdırılmış siyasət yeritmək məcburiyyətində idi. Torpaqların işğaldan azad edilməsi Azərbaycanı əvvəlki siyasətdən əl çəkib ölkənin maraqları istiqamətində seçim etməyi diktə etdi.

Beynəlxalq aləmdə baş verən geosiyasi və geostrateji proseslər də Azərbaycandan müəyyən istiqamət seçməyi tələb edirdi. Torpaqların erməni işğalından azad olunması da seçim etməkdə Azərbaycana müəyyən azadlıq vermiş oldu. İndi Azərbaycan beynəlxalq münasibətlərdə yetərincə müstəqil siyasət yeritmək şansı qazanıb. Amma bu zaman da müəyyən siyasi gedişləri nəzərdən qaçırmaq olmaz”.

Ekspert deyib ki, bu gün Azərbaycanı siyasi kursunda Çin-Rusiya istiqamətinə meylləndiyini iddia edənlər müəyyən yalnışlığa yol verirlər:

WhatsApp Image 2022 12 25 at 03.18.02

“Azərbaycan qlobal arenada mövcud olan güc qütblərindən heç birini öz siyasi istiqamətində prioritet sahə hesab etmir. Azərbaycanın bu gün izlədiyi siyasət dövlət maraqlarımızın diktə etdiyi siyasətdir. Bu gün Rusiya, Çin, Belarusla yaxınlaşmağımız heç də onlara maraq və simpatiyamızdan asılı deyil. Bu, Azərbaycanın maraqlarında asılıdır.

Bakının yaxın 5-10 il üçün hədəflədiyi məqsədlər qeyd etdiyimiz ölkələrlə yaxın münasibətlərdə olmasını tələb edir. Digər tərəfdən, torpaqlarımızın işğal olunmasında bu ölkələr Azərbaycanla münasibətdə daha yumşaq siyasət yeritmiş və Azərbaycanın haqq işini ən azından müdafiə etmişlər. Amma Avropa İttifaqı və onun Fransa kimi hegemon ölkəsi, Amerika Birləşmiş Ştatları, İran kimi dövlətlər ermənilərin yanında olaraq onun işğalçılıq siyasətinə dəstək vermiş və Azərbaycanı etmədiyi cinayətlərdə günahlandırmışlar. Belə olan surətdə Azərbaycan gələcək siyasətini müəyyənləşdirərəkən belə dövlətlərə etibar edə bilərmi? Təbii ki, yox”.

Ə.İbrahimov hesab edir ki, ABŞ kimi qüvvələr Azərbaycanı Çin və Rusiya ilə yaxınlaşmaqda günahlandırırlar:

“Çünki onların Ermənistanla bağlı siyasətləri, ümumiyyətlə, Cənubi Qafqazı nəzarət altına almaq ümidləri Azərbaycanın sərtliyi sayəsində boşa çıxmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin izlədiyi uzaqgörən diplomatik siyasət onların cəhdlərinin fiaskoya uğraması ilə nəticələndi. Artıq onlar Azərbaycanla münasibətdə düzgün siyasi xətt seçmədiklərini başa düşürlər. Amma yekəxanalıqları ucbatından öz səhvlərini etiraf etməyə cəsarət tapmırlar.

İş o yerə çatıb ki, az qala Fransanın Afrikadakı uğursuzluqlarını da Azərbaycanın ayağına yazmaq istəyirlər. Amma bu hücumlar və böhtanlar Azərbaycanı tutduğu siyasi kursdan çəkindirmək gücünə malik deyil. Azərbaycan öz siyasi kursunu müəyyənləşdirərkən öz dövlət maraqlarını üstün tutub və bundan sonra da belə olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: