pasinyan 1432

“Ermənistanda baş verən etiraz aksiyalarının arxasında hansı qüvvələrin dayandığını müəyyən etmək üçün təşkilatçılara diqqət yetirmək kifayətdir. Bu etiraz dalğasını hazırda “erməni üçlüyü” adlanan qüvvələr – erməni kilsəsi, diasporu və Qarabağ klanı təşkil edir”. 

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Xalidbəyli Ermənistandakı aksiyaların Rusiya tərəfindən təşkil olunub-olunmadığı ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, erməni kilsəsi bütün dünyada fəaliyyət göstərir:

“Erməni diasporunun ən güclü mərkəzlərindən biri Rusiyada yerləşir. Erməni kilsəsi isə hazırda Rusiya xüsusi xidmət sevislərinin nəzarəti altında fəaliyyətdədir. Qarabağ klanı da Kremlə bağlı qüvvədir. Kilsənin aksiyalarda ön plana çıxarılmasının səbəbi ondan ibarətdir ki, Ermənistanda rəsmi Moskvaya bağlı olan Qarabağ klanının imici zədələnib. Xalq onların hakimiyyətə gəlməsini istəmir. Qarabağ klanı faktiki olaraq etiraz dalğasının aparıcı qüvvəsi kimi çıxış etmir. Daha çox arxa planda durur. Erməni kilsəsinin təşkilatçılığı altında başladılmış “kilsə qiyamı”nda sosial baza rolunu oynamağa çalışır”.

Politoloqun fikrincə, Ermənistandakı hakimiyyət Qərbə deyil, Rusiyaya problem yaradır:

“Moskvanın İrəvana qarşı təmkinini qoruyub-saxlamasının səbəbi odur ki, Rusiya Ermənistanın Qərbin təsir dairəsinə keçməyəcəyini bilir. Ermənistanın bütün iqtisadiyyatı, strateji müəssisələri Moskvanın nəzarəti altındadır. Digər tərəfdən Rusiyanın hərbi bazalarının Ermənistandan çıxarılma mexanizmləri mövcud deyil. İmzalanmış müqaviləyə görə, rəsmi İrəvanın birtərəfli qaydada Rusiyadan hərbi bazaları çıxarılmasını tələb etmək hüququ yoxdur. Bu yalnız Kremlin qərarına əsasən reallaşa bilər. Yəni 2049-cu ilə qədər həmin hərbi bazalar İrəvan ərazisində qalacaq.

Nikol Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşmaq üçün Qərbin 3 milyard dolar məbləğində yardım ayırmasını istəyirdi. Bu pul 10 il ərzində ardıcıl ayrılmalı idi ki, Ermənistan Qərbə inteqrasiya edə bilsin. Qərb isə İrəvanın ümid etdiyi məbləğin heç 1 milyardını belə vermədi”.

E.Xalidbəyli qeyd edib ki, Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı olmasının səbəbi Nikol Paşinyandır:

“Paşinyan hakimiyyəti dəyişdiriləcəyi təqdirdə Ermənistan yenidən Rusiyanın təsir dairəsində olacaq. Nikol Paşinyan ABŞ və Qərbdən umduğu dəstəyi ala bilməyib və Ermənistan üçün böyük təhlükələrin olduğunu hiss edir. Buna görə də Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmağa çalışır. Azərbaycanla delimitasiyanı sürətləndirmək məcburiyyətində qalıb, sülh müqaviləsinin imzalanmasına can atır. Hətta Paşinyan hakimiyyəti gələcəkdə Ermənistanı Rusiyanın orbitinə qaytarmalı olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: