“İsrail-HƏMAS müharibəsi başlayanda onun başvermə səbəblərindən birinin Rusiya olduğunu iddia edənlər də var idi. Onlar öz fikirlərinin belə əsaslandırırdılar ki, bu münaqişə Qərb dövlətləri və Amerika Birləşmiş Ştatlarının diqqətini Rusiya-Ukrayna müharibəsindən yayındıracaq və Ukrayna bu ölkələrdən lazımi həcmdə dəstək ala bilməyəcək”.
Bu fikirləri politoloq Əlimusa İbrahimov Globalinfo.az-a İran və İsrail arasındakı mövcud gərginliyin Yaxın Şərq ölkələrinə mümkün təsirini şərh edərkən deyib.
Onun sözlərinə görə, İsrail Qəzza bölgəsinə hücumu artırdıqca Rusiya-Ukrayna müharibəsi sanki ikinci plana çəkildi:
“Bu özünü xüsusilə ABŞ tərəfindən Ukrayna üçün ayrılan maliyyə vəsitində göstərdi. Çünki Vaşinqton indi təkcə Ukraynaya deyil, həm də İsrailə vəsait ayırmağa məcbur oldu. Yardım paketi təsdiqləndikdən sonra ikiyə, bəzən isə üçə bölünməli idi. Paket halında təqdim olunması nəzərdə tutulan yardımın razılaşdırılıb Prezident tərəfindən təsdiq edilməsi üçün 6 ay vaxt tələb olundu. Nümayəndələr Palatası və Senatda Ukrayna üçün 61 milyard dollar vəsait nəhayət bir həftə bundan öncə təsdiq olindu. Amma 6 ay gecikdirilən bu yarıdm paketi cəbhədə vəziyyətin Rusiyanın xeyrinə dəyişilməsinə səbəb oldu. Deməli, Rusiya dolayı yolla da olsa Yaxın Şərqdə münaqişənin davam etməsində maraqlı olmalıdır. Bunu söyləyən mütəxəssislər hələlik sadəcə hipotezlərlə məşğuldurlar. Yəni Rusiyanın birbaşa təsiri və müdaxiləsi barədə tutarlı dəlil gətirmək hələlik mümkün deyil”.
Politoloq qeyd edib ki, İranın İsrailə raket və dronla hücumunu müxtəlif cür qiymətləndirənlər var:
“İranın qələbəsi hesab edənlər düşünürlər ki, hücum islam dövləti üçün İsrailin məğlubedilməz mifini sındırmış kimi ortaya çıxdı. 1979-cu ildən bu vaxta qədər İran İsrailə hücum edəcəyi barədə anonslar verərək hazırlıqlar görsə də, nəhayət, bu niyyətini indi həyata keçirə bildi. Üstəlik, hücumla bağlı nə İsrail, nə də ABŞ tərəfindən ciddi cəza almadı. İranda artıq belə bir fikir formalaşmağa başlayıb ki, İsrailə hücum etmək olarmış. Bu hücumdan sonra İsrail İrana və İranın regiondakı qüvvələrinə qarşı əvvəlki əminliklə hücum edə bilməyəcək.
Bu qarşıdurmada İsrailin qalib çıxdığını iddia edənlər isə hesab edirlər ki, 300-dən yuxarı dron, qanadlı və ballistik raketlərin İsrailə ciddi ziyan verməməsi, bu obyektlərin iddia olunduğu kimi 99 faizinin İsrail sərhədlərinə daxil olmadan zərərsizləşdirilməsi İsrailin qələbəsi hesab olunmalıdır. Həm də ona görə ki, İranın İsrailə birbaşa hücumu ABŞ başda olmaqla digər NATO dövlətlərinin Təl-Əvivin ətrafında daha sıx birləşməsi ilə nəticələndi. Hətta Səudiyyə Ərəbistanı kimi ciddi ortadoks müsəlman ölkəsi belə İranın hücumunun dəf edilməsində İsrailə yardım etdiyini açıqladı. Deməli, İranın hücumu İsrail dövləti ətrafında digər dövlətlərin daha sıx birləşməsinə şərait yaratdı”.
Ə.İbrahimovun fikrincə, bu hücum Qəzzada baş verənləri də ikinci plana çəkdi:
“Hücuma qədər İsraili dinc insanlara qarşı gücdən sui-istifadə etməkdə günahlandıran dövlətlər öz ritorikalarında bir qədər geri addım atdılar.
Amma düşünürəm, İranın bu hücumu Amerika Birləşmiş Ştatlarının mənafeyinə daha çox işlədi. Çünki Vaşinqton uzun müddətdən bəri çox çalışsa da, İranın Rusiyaya dron və raket transferinə mane ola bilmirdi. İranın dron və raket istehsal edən şirkətlərinə tətbiq olunan sanksiyalar onun stokda yığılıb qalmış ciddi ehtiyatının Rusiyaya transfer edilməsinin qarşısını almaqda aciz idi. İranın hücumu isə bu sahədə Rusiya-İran münasibətlərini müvəqqəti olsa da dayandırdı. Yəni İran özü xaricdən təhlükə gözlədiyi və hücuma hazır dayanmalı olduğu halda çox böyük ehtimalla əlində olan silahları Rusiyaya verə bilməzdi və verməyəcək. Digər tərəfdən, bu ehtiyat hücum və tətbiq edilən sanksiyalar nəticəsində ciddi surətdə azalmağa başlayıb. Deməli, ABŞ Rusiya-Ukrayna cəbhəsində əldə edə bilmədiyinə Yaxın Şərqdə nail oldu. Rusiyanın silahla təchizat yollarından ən böyüyünü bağladı. Beləliklə, “Rusiya-Ukrayna müharibəsinin taleyi həm də Yaxın Şərqdə həll olunur” mülahizəsini irəli sürməkdə heç də yanılmadığını düşünürəm. Hesab edirəm, İran-İsrail qarşılıqlı hücumları bir müddət davam edəcək. Yəni mütəmadi olaraq İsrail İranı ona hücum etməyə təhrik edə bilər ki, ABŞ və koalisiya qüvvələrinin birgə səyi nəticəsində İranın stoklarında olan dron və raketlərin sonuna çıxsın. Sual yarana bilər ki, bəs nədən İran bu hücumlara fasilə verdi? Hesab edirəm ki, İsrail və koalisiya qüvvələri tərəfindən İranın hücumundan sonrakı vəziyyətin qiymətləndirilməsi prosesi gedir. Yəni onlar hücum nəticəsində İrana dəyən ziyanın miqyasını qiymətləndirir və gələcək baş verə biləcək adekvat hadisələr zamanı İrana daha çox ziyan vurmaq üçün taktikanı müəyyən edirlər”.
Politoloq qeyd edib ki, İsrailin İranın hücumuna gözlənilən səviyyədə cavab verməməsi ABŞ faktoru ilə əlaqələndirilə bilər:
“Amerika Yaxın Şərqdəki müttəfiqini hələlik daha geniş münaqişədən çəkindirməyə çalışır və müəyyən qədər buna nail olur. Digər tərəfdən, İsrail ABŞ-ın genişmiqyaslı hücuma keçməmək barədə tələbinə müsbət cavab vermək qarşılığında Qəzzadakı missiyasını bitirmək və Rəfaha hücum etmək üçün kart-blanş almağa çalışır. Onun son günlər Rəfahda əməliyyata başlayacağı barədə xəbərlərin intensivləşməsi bu razılığın artıq verildiyinə işarə etmirmi?
Düşünürəm ki, bu və ya digər sualların cavabını yaxın günlərdə ala biləcəyik”.
Safura Bənnayeva
Globalinfo.az