Suriyanın Hələb şəhərində orduya məxsus hərbi ərazidə güclü partlayışlar baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilib ki, partlayışlar Əl-Hədaba bölgəsində qeydə alınıb. Hadisə nəticəsində 4 nəfər yaralanıb.
Səlahiyyətli qurumlar partlayışların mənbəyini və səbəbini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.
Hələb Fövqəladə Hallar və Fəlakətlərin İdarə Olunması Əməliyyatlar üzrə direktoru Faysal Məhəmməd Əli bildirib ki, partlayışların davam etməsi səbəbindən axtarış-xilasetmə və tibbi yardım qruplarının əraziyə daxil olması çətinləşib.
Bölgəyə daxil ola bilən Mülki Müdafiə qüvvələri 4 yaralını təxliyə edib.
Təhlükəsizliyi təmin etmək məqsədilə yaxınlıqdakı evlər boşaldılıb, əraziyə gedən yollar isə nəqliyyatın hərəkəti üçün bağlanıb.
Qeyd edək ki, Suriyanın rəsmi televiziya kanalı “Əl-İxbariyyə” də bölgədə güclü partlayışların baş verdiyini və hadisənin səbəblərinin araşdırıldığını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az