yelizaveta muharibe 87ass scaled

Erməni politoloq Stepan Daniyelyanın Zəngəzur dəhlizi ilə bağlı açıqlaması şok effekti yaradıb. O, bildirib ki, Britaniya dəhlizin açılmasında maraqlıdır. Erməni politoloq fikrini belə əsaslandırıb ki, Rusiya və İran ərazisindən enerji daşıyıcılarını nəql etmək üçün türk dünyasını iqtisadi baxımdan birləşdirəcək Zəngəzur dəhlizi İngiltərəyə çox lazımdır. Onun sözlərinə görə, Britaniyanın planlarına Fransa müqavimət göstərməyə çalışır.

Globalinfo.az mövzu ilə bağlı politoloq Asif Nərimanlıdan açıqlama alıb.

Ekspert bildirib ki, yeni dünya nizamında əsas marşrut xətlərindən biri olan Zəngəzur dəhlizinin Böyük Britaniyanın marağında olması çoxdan bəllidir, çünki Avrasiyanın nəqliyyat şəbəkəsi kimi əsas Orta Dəhliz üzərində dayanılır:

“Bu dəhliz 50 illik perspektiv üçün nəzərdə tutulan “Bir kəmər, bir yol layihəsi”nə daxildir. Bu layihənin üç habı var: Birinci hab Mərkəzi Asiya və Qazaxıstandır. İkincisi, Cənubi Qafqaz və Azərbaycan, üçüncü olaraq isə Qara dəniz nəzərdə tutulur.

Şimal və Cənub dəhlizlərində Rusiya və İranın zaman-zaman sanksiyalarla üzləşməsi iqtisadi baxımdan problem yarada bilər. Buna görə bu dəhlizlər Azərbaycan üzərində birləşərək Orta Dəhliz vasitəsilə Avropaya çıxır. Zəngəzur dəhlizi həm də Gürcüstan marşrutuna alternativdir. Rusiya Zəngəzur dəhlizinə o şərtlə razı oldu ki, onun burada hansısa formada iştirakı təmin edilsin.

Fransanın isə Çinlə əməkdaşlığı olsa belə, Orta dəhlizdə iştirak etmir. Avropada müəyyən nüfuz savaşı gedir və bu prosesdə Fransa Britaniyanın strategiyasına mane olmağa çalışır”.

A.Nərimanlı vurğulayıb ki, Zəngəzur dəhlizinin başqa alternativi yoxdur, gec ya tez reallaşacaq.

O, məsələnin siyasi tərəfinə toxunarkən, həmçinin bildirib ki, yeni dünyada iki qütblü dünya sisteminə keçilir:

“XX əsrdə yaranmış öncəki dünya nizamının əsas müəllifləri ingilislərdir. Yeni dünyada Çinin ikinci qütb olması gündəmdə idi. Orta Dəhliz həm də ona görə aktualdır ki, Rusiya və İranın bu proseslərə siyasi təsirini maksimum dərəcədə azaltmağa çalışırlar. Çinin ön plana çıxması Rusiyanın marağına ziddir. Rusiyanı regional güc kimi qəbul edirlər, o cümlədən Türkiyənin bu qədər güclənməsi də səbəbsiz deyil, çünki Türkiyə də əsas regional güclərdən birinə çevrilə bilər. Amma görünür, Rusiya onun üçün biçilmiş bu formatı qəbul etmək istəmir.

Ukrayna müharibəsindən öncə birinci habın yerləşdiyi Qazaxıstanda baş verən proseslərə, Qarabağ məsələsinin həll edilməsinə yeni dünya nizamının təsiri oldu. Azərbaycan dəyişən şərtlərdən istifadə edə bildi. Türkiyənin bölgəyə girməsinə Rusiyanın reaksiyasının yumşaq olması səbəbsiz deyil, çünki Cənubi Qafqazı Qərb gücləri ilə bölüşdürməkdənsə, Türkiyə ilə paylaşmağı seçdi”.

Zengezur98

Ekspertin sözlərinə görə, Ukrayna müharibəsi məhz ingilislərin dünya nizamına qarşı atdığı addımdır və Amerikanın təşəbbüsü olduğu dünya sisteminin qorunmasına hesablanıb:

“Amerika Çinin ikinci qütb olmasını istəmir və bu baxımdan dünya gücü olmaq istəyən Rusiya ilə maraqları uzlaşır. Rusiya-Ukrayna müharibəsi Çini ikinci qütbə çevirəcək Orta Dəhlizin qarşısını almaqda rol oynadı. Qara Dəniz üzərindəki tədarük zəncirləri dağıldı. Bu, pandemiya ilə başlanan prosesin ikinci və böyük mərhələlərindən biri idi. Ukrayna müharibəsində Rusiya hələ də dünya gücü olmağa çalışmaqla ABŞ-ın Avropada əlini gücləndirən addımlar atır – NATO-nun möhkəmlənməsindən tutmuş Birləşmiş Ştatların təsir imkanlarının artırılmasına qədər.

Ukrayna müharibəsi, fikrimcə, daha tez başa çatmalı idi. Rusiya Kiyevə qədər getmişdi və geri qayıdıb masaya oturmalı idilər. Rusiyanın keçmiş post-sovet məkanında təsir gücü tanınmalı idi. Amma Ukrayna prosesinin bu qədər uzanmasının əsas səbəbkarlarından biri ingilislərdir. Keçmiş Baş nazir Boris Consonun aktiv fəaliyyətindən sonra Qərb cəbhəsi Rusiyaya qarşı bu qədər sıx formada birləşə bildi. Bu günün özündə ingilislərin aktiv dəstəyi ilə Ukrayna bu qədər dirəniş göstərə bilir. Çünki Rusiyanın zəifləməsində ingilis və amerikanların marağı uzlaşsa da, Ukrayna müharibəsinin başa çatmasında fikir ayrılıqları var. Ukrayna müharibəsinin nəticəsi yeni dünya nizamının formalaşmasında çox şeyi həll edəcək. Bu, prosesin başlanğıcıdır”.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: