Türkiyə xarici işlər naziri Hakan Fidan deyib ki, sülh razılaşması əldə olunarsa, Ankara Fələstin üçün qarant ölkə kimi çıxış etməyə hazırdır. Onun sözlərinə görə, xüsusilə Fələstin tərəfi üçün qarant kimi çıxış edəcək ölkələr Yaxın Şərq regionundan olmalıdır.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Yaxın Şərqdə siyasi vəziyyətin bu tezlikdə sabitləşəcəyini gözləmirəm:
“İsrail hələ intiqam hissi ilə yaşayır. Böyük ehtimalla Qəzzada quru əməliyyatları keçirəcək, lakin bu, problemləri həll etməyəcək. Çünki HƏMAS-ı belə qısa müddət ərzində tam şəkildə məhv etmək çətindir.
Bütün hallarda Fələstinin müstəqilliyi tanınmayanadək Yaxın Şərqdə gərginlik bitməyəcək. İndiki məqamda əsas sual isə Fələstinin hansı sərhədlər daxilində müstəqilliyinin tanınacağıdır. Yəni Qəzzanın taleyi, Qüds məsələsi, məskunlaşma problemi kimi məsələlər aktual olaraq qalır.
Elxan Şahinoğlu
Türkiyə proseslərin həllindən yanadır. Vasitəçilik təklifini irəli sürməsi də buna dəlalət edir. İndiki məqamda Ankaranın təminat verməsi pozitiv addımdır, lakin bütün bunların sülhlə nəticələnəcəyini demək üçün tezdir.
ABŞ-ın mövqeyi də indiki məqamda çox vacibdir. Rəsmi Vaşinqtonun həm İsrailə, həm də Fələstinə təzyiq imkanları var. ABŞ qarşıdurmanı lokallaşdırmağa çalışır. Vaşinqton fərqindədir ki, qarşıdurma böyüyərsə, maraqlı qüvvələrin sayı da arta bilər. Bu isə prosesi dalana dirəyə bilər. Müharibənin miqyasının böyümə riski ABŞ-ı, habelə Türkiyəni narahat edir. İsrail mövcud siyasətindən əl çəkməsə, Türkiyə ilə münasibətlər gərginləşə bilər”.
Turan Rzayev
Globalinfo.az