c67a8dbc 7aa9 36df a7ee 8b6ea8579a97 850 1

“Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq üçün aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev deyib.

Azərbaycanın BMT-dəki nümayəndəsi əlavə edib ki, təxminən 30 il ərzində məhz Ermənistan BMT-nin 1993-cü ildə qəbul etdiyi müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin bir sıra bəyanatlarına məhəl qoymayıb, öz işğalçı qüvvələrini Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını təmin etməyib.

“Bu kontekstdə Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi ikiüzlülüyün təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün bir neçə ay davam edən kampaniyanın bir hissəsidir” – deyə Yaşar Əliyev vurğulayıb.

Y.Əliyev deyib ki, Ermənistan məsələni həll etmək niyyətində deyil.

“Bunun əvəzində beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırır”.

Avqustun 5-də BQXK vasitəsilə humanitar yüklərin çatdırılmasına dair razılaşmanın pozulmasının Ermənistan tərəfindən yaradılan yeganə maneə olmadığını vurğulayan Y.Əliyev bildirib:

“Əslində bu, Ermənistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə meydan oxumaqla və yerli etnik erməni sakinlərinin reinteqrasiyasına mane olmaqla bu humanitar təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirməsinin, eləcə də humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etmək cəhdinin davamıdır”.

Yaşar Əliyev qeyd edib ki, Azərbaycan Qarabağda yaşayan erməni sakinlər üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir:

“Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və orada yaşayan etnik ermənilər Azərbaycanın sakinləri hesab olunur”.

“Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir”, – deyə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi bildirib.

Paylaş: