Ərdoğanın Bakı səfəri başa çatan kimi Azərbaycanla Ermənistan sərhədində atəşkəs pozuldu. Ermənilər Laçın postuna snayper atəşi açıblar. Bir sərhədçimizi yaralayıblar. Azərbaycan Ordusunun cavab atəşi ilə düşmənin snayperləri zərərsizləşdirilib.
Bunun ardından Zəngilan istiqamətində ağır döyüşlərin başladığı xəbəri yayıldı. Dövlətlərarası sərhədin Zəngilan istiqamətində Azərbaycan sərhəd zastavasının atəşə tutulmasından sonra başlayan ağır döyüşlər sonradan dayandırılıb. İyunun 15-i axşam sərhəddə sakitlik təmin edilib.
Bu təxribatlar yalnız Ermənistanın təşəbbüsü ilə baş vermir. Arxasında başqa güclərin dayandığı istisna edilmir. Əsasən Rusiyanın və Fransanın adları çəkilir. Sülh danışıqlarının intensivləşdiyi vaxtda bunların baş verməsi şübhələri Rusiyanın, Fransanın üzərinə tuşlayır. Əslində isə burda şübhəyə yer yoxdur. 44 günlük müharibədə Azərbaycan Ordusunun dəmir yumruğu ilə məğlub edilən Ermənistanın bu cür təxribatlar etməyə “duxu” çatmaz. Ona güc, həvəs və “dux” verən mərkəzlər var. Bu sırada ağla ilk gələn Moskva ilə Parisdir.
Rusiya anlayır ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansa, konfliktə son verilsə onun Cənubi Qafqazda qalmaq səbəbləri aradan qalxmış olacaq.
Fransanın da niyyəti bu bölgədə möhkəmlənməkdir. Rəsmi Parisin Türkiyə ilə tarixi rəqabəti Qarabağ məsələsində də özünü hər zaman göstərib. Fransa birmənalı Ermənistanın tərəfindədir.
İran da Qarabağ məsələsinin sülhlə yekunlaşmasını əsla istəmir. O həddə istəmir ki, bizi hərbi təcavüzlə hədələməkdən belə çəkinmir. Bu da azmış kimi bizə qarşı terrora əl atır. Tehrandakı səfirlikdə terakt, deputat Fazil Qəzənfəroğluna qarşı sui-qəsd cəhdi buna sübutdur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə olduqca önəmli və kifayət qədər sensasion sayılacaq bəyanat verdi. Dedi ki, Zəngəzur dəhlizinin açılmasına İran daha çox mane olur, nəinki Ermənistan. Bu həm də Türkiyənin İranın Azərbaycana, həm də Türkiyəyə qarşı təxribatlarına Ankaranın sakit qalmayacağının, lazımi tədbirlər görüləcəyinin anonsu idi. Türkiyə anlayır ki, İran amili onun da açılmasında maraqlı olduğu Zəngəzur dəhlizi projesini təhdid edir. Bu təhdidin, təxribatın aradan qaldırılması üçün Ankaranın ciddi qərarlar qəbul etdiyi məlumdur. İranın Azərbaycana qarşı istənilən rəftarına Türkiyədən sərt cavab veriləcəyini də Tehran yaxşı bilir. Necə ki, bu, indiyə kimi belə olub. Qərbin iqtisadi sanksiyaları, İsrailin hərbi-siyasi təzyiqləri altında inləyən İran bir də Türkiyəni qarşısına alır. Nəzərə alsaq ki, Türkiyə NATO ölkəsidir. Bu faktor İranın vəziyyətini daha da çətinləşdirir.
Cənubi Qafqaz bölgəsində daşlar yerinə oturmayınca Türkiyənin Mərkəzi Asiya coğrafiyasına çıxışı ləngiyəcək. Zəngəzur dəhlizinin açılması Türkiyəni Azərbaycanla və türk respublikaları ilə birləşdirəcək. Əslində Rusiya strateji olaraq bu məsələdə Türkiyə və Azərbaycanla müttəfiqdir. Sözügedən dəhliz Putin Rusiyasının da maraqlarına tam cavab verir. Amma Rusiya onun da fərqindədir ki, dəhlizin açılması və təhlükəsiz çalışması Qarabağ məsələsinin sülh yolu ilə həllindən keçir. Moskva odla-su arasında qalıb. Onun qarşısında iki yol var: ya konfliktin qalması üçün separatizm tonqalına vaxtaşırı yağ tökməlidir, ya da tarixi İpək Yolunun açılmasına dözümlü yanaşıb, bu layihə üzərindən düşdüyü çətin vəziyyətdən çıxmalıdır. İkinciNİ seçsə, İran təklənəcək. Əvəzində Rusiya Qərbin iqtisadi sanksiyalarından, geopolitik təzyiqlərindən nisbətən yayına biləcək. Fəqət Putini narahat edən sual budur ki, Qarabağ məsələsi tam həll edildikdən, Zəngəzur dəhlizi açıldıqdan sonra Türkiyə üçün Rusiyanın əhəmiyyətə nə dərəcədə aktual olacaq? Bir NATO dövləti ilə Putinin müttəfiqliyi hara qədər davam edə bilər? Bu qarışıq proseslərdən Kreml rəhbərinin necə bir qərarla çıxacağı çox maraqlıdır.
Azərbaycanın geopolitik vəziyyəti, siyasi-iqtisadi gücü, daxili sabitliyi, hərbi qüdrəti ona imkan verir ki, Qarabağ məsələsində özünün haqlı və qanuni iradəsini yerinə yetirsin. Proseslər ona doğru gedir. Son toqquşmalardan sonra Azərbaycanın Qarabağda antiterror əməliyyatlarını başladıb separatçıları zərərsizləşdrməsi zərurətə çevrilib. Sülhə məcburetmə əməliyyatı qaçılmazır.
Beynəlxalq birlik də buna heç nə deməyəcək. Çünki Prezident İlham Əliyev dəfələrlə Qarabağda yaşayan dinc ermənilərə çağırış edib. Deyib ki, qanunlarımıza sığının, bayrağımızın altına keçin, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edin. Prezident Laçında olarkən hətta separatçıların da amnistiyaya düşə biləcəyini demişdi. Bu təklifə rəğmən bayrağımıza, əsgərimizə güllə atan erməni separatçılarına qarşı əməliyyat qaçılmazdır.
Azərbaycan təkcə Cənubi Qafqazda sülhün təminatçısı və təşkilatçısı potensialına sahib deyil. Həm də qonşu bölgələrdə də, məsələn, Mərkəzi Asiyada, bu cür məsuliyyətli prosesə liderlik edə biləcək imkanlara sahibdir.
Bizim regional və qlobal müttəfiqlərimizə, əməkdaşlıq etdiyimiz dövlətlərə baxın: ABŞ, Avropa Birli ölkələri, Böyük Britaniya, İsrail, Pakistan. Qoşulmama Hərəkatındakı mövqeyimizi də xüsusilə qeyd etməliyik. Türkiyə ilə isə strateji müttəfiqik. Bu, Şuşa Bəyannaməsi ilə də rəsmən təsdiqlənib.
Ermənistanı isə Fransa və İran dəstəkləyir. Rusiya da arada işinə gələndə onu qızışdırıb bizimlə toqquşdurur.
Bu günlərdə olduqca maraqlı bir məlumat yayılmışdı. Həmin məlumata görə, ABŞ Qarabağdakı separatçılara çağırış edib ki, Azərbaycan qanunlarına təslim olsunlar, əks təqdirdə antiterror əməliyyatlarına start veriləcək.
Əlavə şərhə ehtiyac varmı?
Aydın Aslan
Globalinfo.az