Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə Qarabağ ermənilərinə səslənib. “Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə” deyib.
Dövlətimizin başçısı onlar üçün qalan yeganə yolu da açıqlayıb. Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və “parlament”i buraxmaqdır.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Politoloq Tural İsmayılov deyib ki, Prezidentin bu sözləri separatçılara son şansdır:
Tural İsmayılov
“Prinsip etibarı ilə, Azərbaycan hər zaman vurğulayıb ki, Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarımızın cəmiyyətimizə inteqrasiyası mütləq şəkildə həyata keçirəcək. Lakin bu prosesin qarşısında duran ən böyük maneə şübhəsiz separatçılardır.
Separatçılar açıq-aşkar regionda gərginlik yaradaraq beynəlxalq ictimaiyyətin nəzdində fərqli təəssürat yaratmaq istəyirlər. Əslində isə onlar bu yolla reinteqrasiya prosesini baltalayırlar.
Azərbaycan bir neçə dəfə reinteqrasiya prosesi çərçivəsində görüş keçirmək üçün qarşı tərəfə təklif göndərib. Lakin separatçılar hər dəfə bu təklifə mənfi cavab veriblər.
Əslində prezidentin Laçında qeyd etdiyi məqamlar ciddi bir xəbərdarlıq mahiyyəti daşıyır. Yəni bundan sonra təklif verilməyəcək. Ermənilər açıq şəkildə seçim etməlidirlər.
Bundan sonra ermənilər ya qeyd-şərtsiz qanunlarımızla yaşamağı qəbul edəcəklər ya da separatçıların təmizlənməsi istiqamətində əməliyyatlar başlayacaq”.
Turan Rzayev
Globalinfo.az