Ermənistanın sülh sazişinə dair gündəliyinə nəzər yetirdikdə prosesdən yayınmasının arxasında əsasən Fransa və İran görünür. Rusiyanın əsas istəyi isə müqavilənin onun masasından kənarda imzalanmasının qarşısını almaqdır.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, İrəvanın gündəliyi Fransa və İranın maraqlarına daha yaxındır:
“Burada İranı regional müstəvidə, Fransanı isə beynəlxalq müstəvidə Ermənistanın müdafiəçisi qismində qeyd edə bilərik. Vaşinqton görüşündən bəlli oldu ki, İrəvanın bir neçə istəyi var.
Bunlardan biri “29,8 min kvadratkilometr ərazisi”nin toxunulmazlığına nail olmaqdır. Bu da sərhədin delimitasiyasının SSRİ dağılanda mövcud olan xətlərlə aparılmasını aktuallaşdırır və belə olarsa, müharibədən sonra Azərbaycan ordusunun çıxdığı sərhəd xəttindən geri çəkilməsi gündəmə gələ bilər. Bura işğal altındakı 8 kəndin qaytarılmaması niyyəti də daxildir. Digər istəyi “Bakı-Xankəndi formatı”nın yaradılması, Azərbaycan daxilində separatizmin davam etdirilməsinə nail olmaqdır.
Ermənistan İranı regional müstəvidə Azərbaycanı çəkindirəcək güc olaraq görür, Fransa isə beynəlxalq müstəvidə danışıqlar prosesinin İrəvanın xeyrinə dəyişdirilməsinə çalışır”.
Ekspertin sözlərinə görə, iyunun 1-də keçirilməsi planlaşdırılan Kişinyov görüşü də buna hesablanıb və Brüssel və Vaşinqton proseslərində kommunikasiyanın açılması, sərhədin hansı xətlərlə müəyyənləşməsi məsələsində nəzəri olaraq istəyinə nail olan İrəvan Kişinyovda Fransanın dəstəyi ilə Qarabağa dair iddialarını qəbul etdirməyə çalışa bilər:
“Qərb platformasında əsas iki format – Brüssel və Vaşinqton formatı təsirli olub. Hər iki formatda Zəngəzur dəhlizinin “yol məntiqi” ilə açılması, eləcə də sərhədin SSRİ dağılanda mövcud xətlərlə müəyyənləşməsi İrəvanın istəyinə uyğundur. Azərbaycan bu formatlardan Qarabağ məsələsində mövqeyini qəbul etdirmək üçün istifadə etdi. Lakin göründüyü kimi, Ermənistan Qarabağ iddiasından əl çəkmir və Fransanın dəstəyi ilə buna nail olmağa çalışır. Hərçənd, Qərb platformasında razılaşdırılan bütün məsələlərin praktikada tətbiqinin reallaşmadığını görürük. Bu baxımdan, diplomatik masadakı danışıqlarla regiondakı real addımlar fərqli olur. Fikrimcə, rəsmi Bakı diplomatik mübarizəni davam etdirdiyi vaxt bölgədə öz hədəflərinə doğru addım-addım irəliləyir. Laçına post qoyulması bunun ən real nümunəsidir”.
Asif Nərimanlı
Asif Nərimanlı bildirib ki, bundan sonrakı mərhələdə atılacaq addımlar da Ermənistan və Qarabağ olmaqla iki istiqamətdə olacaq:
“Prezident İlham Əliyev son çıxışlarından birində bəyan etdi ki, Ermənistan sülh sazişini imzalamasa, diplomatik tədbirlərdən başqa hər hansı tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu o deməkdir ki, Ermənistanın regional proseslədən kənarda saxlanılması siyasəti davam etdiriləcək və bu proses Türkiyə ilə birlikdə həyata keçiriləcək. Rəsmi Ankaranın Ermənistan üçün hava məkanını bağlaması və daha sərt addımların atılacağına dair mesajları da prosesin başlandığı deməkdir. Ermənistan üçün Türkiyə sərhədinin açılması vacibdir, bu olmasa, onlarav çətin olacaq. Xüsusilə müharibədən sonra Ermənistanın potensialı azalıb və bu vəziyyətə dözə biləcəkləri sual altındadır. Lakin siyasi-iqtisadi rıçaqların işə salınması ilə yanaşı, işğal altındakı 8 kəndin azad edilməsi istiqamətində praktiki addımların atıla biləcəyi də istisna edilməməlidir”.
A.Nərimanlı hesab edir ki, Qarabağa gəlincə, bu artıq Azərbaycanın daxili məsələsidir və separatizmin ləğvi istiqamətində həm sosial-iqtisadi rıçaqlar, həm hərbi rıçaqların intensivləşəcəyi gözləntisi çoxdur:
“Laçına postun qoyulmasından sonra Xankəndidəki separatçılarla bağlı məsələ böyük ölçüdə həll olunub, mümkündür ki, Ermənistanla sülh müqaviləsinin imzalanıb-imzalanmaması məsələsi aydınlaşan kimi Azərbaycan Qarabağdakı erməni əhalisi ilə bağlı addımlara başlayacaq. Bu addımlara erməni əhalisini əhatə edən dövlət proqramlarının elan edilməsindən tutmuş, Azərbaycan vətəndaşı kimi yaşamaq istəməyənlərin ərazini tərk etməsinə şəraitin yaradılmasına qədər bir çox istiqamətlər daxil ola bilər. O cümlədən, bir müddət sonra erməni əhalisinin ehtiyaclarının Azərbaycan tərəfindən təmin edilməsi də gündəmə gələ bilər.
Separatçılara və onların silahlı dəstələrinə qarşı hərbi müstəvidə “məcburetmə əməliyyatları” da istisna deyil. Çünki sərgilədikləri mövqe alternativ yol qoymur və separatçıların hərbi mövqelərinin olması da onları legitim hədəfə çevirir. Mümkündür ki, Azərbaycan bu hərbi mövqeləri məhv etməklə 10 minə yaxın silahlı dəstənin Qarabağdan çıxarılması, bölgənin silahsızlaşdırılması tələbini irəli sürəcək. Buna paralel olaraq, separatçıların bölgəni tərk etməsi tələbi də aktuallaşa bilər. Bütün bu prosesdə təbii ki, Türkiyə həm siyasi, həm də hərbi müstəvidə Azərbaycanla birlikdə hərəkət edə bilər. İki ölkə arasındakı müttəfiqliyə dair müqavilələr buna imkan verir”.
Turan Rzayev
Globalinfo.az