absd

Amerikanın “Böyük Cənubi Qafqaz projesi”nin olduğunu iddia edənlər var.

Bu bölgə ilə bağlı strateji olaraq nə planlaşdırılır? Bu, nəyin hazırlığıdır? Qafqazlardakı konfliktləri həll edib, hansı mərhələyə start verməyi düşünür Qərb?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Yeganə Hacıyeva bu fikrin ümumiyyətlə əsassız olduğunu bildirib:

“Böyük Cənubi Qafqaz” layihəsi var kimi səslənən iddialar sadəcə boş fikirlərdir. Bu mümkün deyil, ona görə ki, Cənubi Qafqaz elə də böyük region deyil. Daha öncələr də Cənubi Qafqaza ölkələr üzrə yox, bütöv region kimi yanaşma vardı. Bu fikrin lobbiçiliyi ümumilikdə Avropadan irəli gəlsə də, yekun nəticə olaraq daha çox Rusiyanın maraqlarına cavab verirdi. Çünki bu regionda separatçı rejimlər müəyyən şəkildə legitimləşirdi. O ad altında isə həmin rejimlərin vəkilliyini etmək istəyən şəxslər Avropada fəaliyyət göstərirdilər. Hazırda da buna oxşar proseslər davam edir. İlkin olaraq Avropada bu ideya erməni lobbisilə yanaşı, Rusiyaya bağlı şəbəkələr tərəfindən irəli sürülür, beynəlxalq təşkilatların təsdiq etməsi üçün müəyyən işlər həyata keçirilir. Bunun yekun hədəfi isə Abxaziyada, Qarabağda Rusiyanın dəstəklədiyi “proxy” rejimlər legitimləşdirmək idi.
Sözügedən ideya hələ Çar Rusiyası vaxtından irəli sürülən fikir idi. Amma maraqlısı odur ki, bu təklif Avropadan səslənir, təşviq edənlər Avropa Şurasından maliyyələşirdi, amma yekun nəticə isə Rusiyanın maraqlarına uyğun olurdu. Ona görə bir müddət sonra bu ideyanın əsassız olduğu qəbul edildi”.

yegane haciyeva yeni sekil

Politoloq bildirib ki, sözügedən layihə vasitəsilə Cənubi Qafqaz ölkələrində bir sıra şəxslər qrant alaraq maddi vəziyyətlərini yaxşılaşdırıblar:

“Yəni “Böyük Cənubi Qafqaz” ideyası yoxdur, BMT üzvü olan Cənubi Qafqaz ölkələrinin beynəlxalq hüquqa əsasən müəyyən edilmiş ərazisi olan Cənubi Qafqaz ölkələri var. Ümumiyyətlə Cənubi Qafqazda siyasi birlik mümkün deyil, çünki burada fərqli istiqamətlərə yönələn, ayrı-ayrı mentalitet və dinə sahib olan üç müxtəlif ölkə yerləşir. Bu dövlətlərin vahid siyasi pəncərədən baxması mümkün deyil. Yəni kim “Böyük Cənubi Qafqaz” haqqında təşəbbüslər irəli sürürsə, blef edir. Avropa Şurası buna çoxlu maliyyə yönəltsə də, layihə özünü doğrultmadı.

Nəticə olaraq buna yüksək xərclər çəkildi, amma sadəcə hər üç ölkədə müəyyən şəxslər və şəbəkələrin həyatlarını maddi baxımdan yaxşılaşdırmalarına şərait yarandı, o qədər. Biz də bəzilərini görürük, Avropa Şurası, Qərblə bağlı elə fikirlər səsləndirirlər ki, azərbaycanlı olduğuna şübhə edirsən. Onlar sadəcə tabe olduqları dairələrdən qrant almaq üçün həmin qüvvələrin eşitmək istədikləri fikirləri səsləndirirlər. Bu ideya hər nə qədər ölü doğulmuş olsa da, həmin şəxslərin kifayət qədər qazanc əldə etməsinə səbəb oldu”.

Y.Hacıyeva ABŞ və Avropa İttifaqının regionda fərqli maraqlarının olduğunu söyləyib:

“Ümumiyyətlə Qərbin, xüsusi ilə Avropa Birliyinin Qafqazda konfliktləri sonlandırmaq kimi bir məqsədi yoxdur. Çünki indi Kollektiv Qərb anlayışı mövcud deyil və burda hər Qərb qrupunun öz fərqli maraqları mövcuddur. ABŞ isə regionda sülhün imzalanmasında maraqlıdır. Regionun imkanından istifadədə problemlərin olması, Zəngəzur və Naxçıvan dəhlizinin açılmaması sülh qığılcımlarını söndürür. 44 günlük müharibədə məğlub olmuş bir Ermənistan hakimiyyəti var və o, əhalisinə iqtisadi layihələrdən qazanc sözü verib. Nəzərdə tutulan layihələr həyata keçmədiyi müddətdə Ermənistan daxilində Qərbə güvən itəcək, Eyni proseslər artıq Gürcüstanda da gedir. ABŞ-ın regionda əsas marağı ümumilikdə budur.
Avropa Birliyi isə birmənalı olaraq Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllində maraqlı deyil. Onlar sərhəd gərginliklərindən Cənubi Qafqaza yerləşmək üçün istifadə edirlər. Məhz bu gərginliklərdən faydalanaraq məqsədlərinə çatmağa çalışırlar. 2022-ci ilin sentyabrındakı hadisələrdən sonra bölgəyə mülkü missiya göndərdilər”.

“Məsələ ondadır ki, Cənubi Qafqaz Asiya və Avropanın keçid qapısıdır. Yəni Avrasiyada balansı tutmaq istəyən hər kəs Cənubi Qafqazda möhkəmlənməlidir. Azərbaycan burada vacib ölkə olduğu üçün bu balansın öz üzərində qurulmasına təşəbbüs göstərir ki, doğrusu elə budur. Nəticə olaraq isə regionda dayaq nöqtəsi Azərbaycandır” – deyə, bildirib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: