“Fransa XİN başçısının Cənubi Qafqaz turnesini situativ və primitiv nöqteyi-nəzərdən dəyərləndirməyin tərəfdarı deyiləm. Hesab edirəm, ortada daha böyük hədəflər uğrunda mübarizə gedir. Fikir verək, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Çinə səfər etdi”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın Azərbaycana səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Çinin Fransadakı səfiri bu səfərdən sonra postsovet ölkələrinin suverenliyini şübhə altına alan açıqlamalar verdi, hərçənd rəsmi Paris buna etiraz etdi:
“Lakin bu etirazların fonunda Çinə dəstək elementləri dayanır, çünki Fransa ABŞ və Britaniyanın onu sıxışdırması ilə üzləşdiyi nüfuz itkisini Pekinin hesabına kompensasiya etmək niyyəti güdür.
Çin isə strateji zəiflik göstərdiyi regionlarda iddialı gündəlik formalaşdırır, bunun əlamətləri Cənubi Qafqazda gözə çarpır.
Kolonnanın səfəri Çin-Fransa əlaqələrində yaranan kölgənin müşayiəti ilə baş tutur, lakin Fransa üçün Cənubi Qafqazdakı prioritetlər dəyişməyib.
Aqşin Kərimov
Sadəcə olaraq Fransa özünə yoldaş axtarır, gah Rusiya, gah Çin, gah da İranla düşdüyü boşluqlardan çıxmaq üçün çabalayır.
Fransanın region üzrə siyasətini qiymətləndirərkən mütləq şəkildə onun qlobal arenadan sürüşüb yıxılması üçün göstərilən səylərin kontekstinə fikir vermək lazımdır.
Hələlik bu, ABŞ-Britaniya ikilisinin, belə demək mümkünsə, “pilot layihəsidir” və Fransanın boşluqlara düşməsi üçün addımlar öz nəticələrini verir. Rəsmi Paris buna görə də Cənubi Qafqazda yaralarını sarımağa çalışır, hərçənd ki, onun regiondakı oyunçuluq qabiliyyəti daha da zədələnəcək”.
Turan Rzayev
Globalinfo.az














