Türkiyənin nazirindən Zəngəzur dəhlizi açıqlaması: “Bu tarixdə reallaşacaq”

“Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun Zəngəzur dəhlizinin 2028-ci ildə həyata keçiriləcəyini söyləməsi iddialı açıqlamadır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu məntiqlə 4 ildən sonra dəhliz işə düşməlidir:

“Ermənistan rəsmiləri Zəngəzur dəhlizində maraqlı olduqlarını ifadə etsələr də, “dəhlizin Ermənistandan keçən hissəsi Ermənistanın yurisdiksiyası əsasında həyata keçirilməlidir” yanaşmasından imtina etməyiblər. Buna baxmayaraq, türkiyəli nazir Ermənistandan müsbət mesajlar aldıqlarını deyib.

Elxan Şahinoğlu

Ermənistan rəsmilərinin türkiyəli həmkarları ilə qapalı dialoqlarında “müəyyən şərtlər daxilində açıq dəhlizə icazə verə bilərik” cümləsini işlətmələri mümkündür. Çünki rəsmi Bakının mövqeyi belədir ki, Azərbaycan vətəndaşları Zəngəzur dəhlizindən istifadə edərkən yoxlamadan keçməməlidirlər.

Rəsmi Bakı bununla yanaşı başqa ölkələrin yüklərinin Zəngəzur dəhlizindən daşınmasının Ermənistan yurisdiksiyasına uyğun həyata keçirilməsinin əleyhinə deyil. Yəni bu, “mənim vətəndaşlarım dəhlizdən yoxlanılmadan keçməli, digər ölkələrin yüklərini isə yoxlaya bilərsiniz” deməkdir.

Bunun qarşılığında Ermənistan rəsmilərindən biri bu günlərdə verdiyi açıqlamada Azərbaycan vətəndaşlarının Naxçıvana keçərkən və geri qayıdarkən Zəngəzur dəhlizindən rahat istifadəsinin müzakirə oluna biləcəyinə eyham vurub. Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizi mövzusunda irəliləyiş əldə etmək mümkündür. Odur ki, Türkiyənin nəqliyyat və infrastruktur nazirinin dəhlizlə bağlı optimist açıqlaması üçün zəmin var”.

Turan Rzayev
Globalinfo.az