Çin avtomobilləri Azərbaycan bazarında rekord qırıb. Ən çox artan markalar bunlar olub: BYD +384.9%, Changan +333.3%, JAC +255%, Tesla+113.8%, Dong Feng +100%, GAC +68.3%, Geely +47.1%. Ən çox azalma isə VAZ avtomobillərində olub.
Çin avtomobillərinin texniki keyfiyyəti, ehtiyat hissələri və servis imkanları baxımından alıcıları gələcəkdə hansı problemlər gözləyə bilər?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, əvvəllər Azərbaycanda daha çox Rusiya istehsalı avtomobillər idxal olunurdu:
“Çünki qiyməti nisbətən ucuz, ehtiyat hissələri əlçatan və münasib idi. Həmçinin bölgələrdə belə avtomobillərin istismarı vətəndaşlar üçün daha rahat idi. Rusiya avtomobil sənayesi zəiflədikdən sonra bu bazarda Çin avtomobil sənayesi önə çıxdı. Biz bunu əvvəlcədən proqnozlaşdırmışdıq və belə də oldu”.
E.Cəfərovun sözlərinə görə, hazırda Çindən Azərbaycana avtomobillər iki istiqamətdə gətirilir:
“Birincisi, rəsmi nümayəndəliklər vasitəsilə idxal olunan avtomobillərdir. Belə avtomobillər müəyyən standartlara cavab verir və istehsalçı tərəfindən zəmanətlə təmin olunur. İkincisi isə qeyri-rəsmi şəkildə idxal olunan avtomobillərdir. Belə avtomobillərə istehsalçı zəmanət vermir və Azərbaycanda onların rəsmi satış nümayəndəliyi və servisi olmur”.
Eldəniz Cəfərov
Ekspert qeyd edib ki, vətəndaş rəsmi nümayəndəliyi olan və zəmanətlə satılan avtomobil alırsa, sonradan onun texniki məsələlərində ciddi çətinlik yaranmamalıdır:
“Çünki rəsmi servis təşkil olunur və həmin avtomobillərə servis xidməti göstərilir. Yox, əgər avtomobil qeyri-rəsmi şəkildə gətirilibsə, istehsalçı zəmanəti yoxdursa və Azərbaycanda onun rəsmi servisi mövcud deyilsə, bu zaman alıcı üçün vəziyyət çətinləşir. Çünki avtomobildə yaranan hər hansı nasazlığa görə satıcı məsuliyyət daşımır və sonrakı mərhələdə təmir məsələlərinə də cavabdeh olmur. Bu səbəbdən alıcı çətin vəziyyətdə qalır. Avtomobili nisbətən ucuz alır, lakin sonradan ehtiyat hissələrini tapmaqda çətinlik çəkir. Tapdığı halda isə həmin hissələr çox baha ola bilər. Beləliklə, avtomobili ucuz qiymətə alsa da, sonradan ehtiyat hissələrinin və təmirin baha olması səbəbindən daha çox xərc çəkir”.
Eldəniz Cəfərov bildirib ki, Çində istehsal olunan avtomobillərin hamısı keyfiyyətsiz deyil:
“Sadəcə, bəziləri Avropa standartlarına cavab vermir. Azərbaycanda avtomobil seqmentində Avropa standartlarına uyğun avtomobillər idxal olunmalı və ölkə daxilində istismar edilməlidir. Bu məsələ “Yol hərəkəti haqqında” Qanunda da təsbit olunub. Təəssüf ki, bir çox hallarda belə standartlara cavab verməyən avtomobillər hələ də ölkəmizə gətirilir, satılır və daha sonra vətəndaşlar bununla bağlı problemlərlə üzləşirlər. Bununla artıq müvafiq qurumlar məşğul olmalı və istehlakçıların, alıcıların hüquqlarını müdafiə etməlidirlər. İmkan yaradılmamalıdır ki, ölkəyə yararsız, standartlara cavab verməyən avtomobillər gətirilsin və daha sonra onlar ölkəmizdə istismar olunsun”.
Zaira Akifqızı
Globalinfo.az