Son illərdə süni intellektin sürətli inkişafı həyatın bir çox sahəsi kimi media sektorunda da ciddi dəyişikliklərə səbəb olub. Artıq süni intellektdən xəbər mətnlərinin hazırlanması və redaktəsi, müxtəlif dillərə tərcümə, foto və video materialların hazırlanması, məlumatların emalı, sosial şəbəkə paylaşımlarının formalaşdırılması, başlıq və heşteqlərin seçilməsi kimi bir çox istiqamətdə istifadə edilir. Beynəlxalq media qurumları da süni intellekti xəbər istehsalının müxtəlif mərhələlərinə inteqrasiya etməyə başlayıb.
Lakin texnologiyanın mediaya daxil olması yalnız yeni imkanlar yaratmır, eyni zamanda bir sıra suallar və riskləri də gündəmə gətirir. Xüsusilə süni intellekt tərəfindən hazırlanan və ya dəyişdirilən mətn, foto və videoların düzgünlüyünün yoxlanılması, yanlış və manipulyativ məlumatların yayılması, müəllif hüquqları, jurnalist əməyinin gələcəyi və peşəkar redaktənin rolu kimi məsələlər getdikcə daha çox müzakirə olunur. Digər tərəfdən, süni intellektdən düzgün və məqsədyönlü istifadə jurnalistlərə vaxt itkisinin qarşısını almaq, böyük həcmli informasiyanı daha sürətli emal etmək, məlumatları strukturlaşdırmaq, tərcümə və transkripsiya proseslərini sürətləndirmək, müxtəlif formatlarda kontent hazırlamaq və daha çox araşdırma aparmaq imkanı verə bilər.
Bununla yanaşı, zaman-zaman belə fikirlər də səslənir ki, ənənəvi media necə onlayn media qarşısında öz mövqelərini dəyişməyə məcbur oldusa, gələcəkdə süni intellekt və sosial şəbəkələr də xəbər saytlarını və klassik media modelini ciddi şəkildə üstələyə bilər.
Bu gün süni intellektin mediaya təsiri nədən ibarətdir? Düzgün istifadə jurnalistlər, media qarşısında hansı imkanları yarada bilər? Media bu rəqabət mühitindən sağ çıxa biləcəkmi?
Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib ki, Süni intellektin sürətli inkişafı media sahəsində də ciddi dəyişikliklər yaradır:
“Bu gün AI mətnlərin hazırlanması, böyük həcmli məlumatların emalı, müsahibələrin mətnə çevrilməsi, tərcümə, subtitrlərin hazırlanması, foto və video materialların yaradılması, həmçinin məzmunun sosial şəbəkələr üçün uyğunlaşdırılması kimi çoxsaylı proseslərdə istifadə olunur. Düzgün istifadə edildikdə bu texnologiya jurnalistin işini sürətləndirə, texniki və vaxt aparan işləri azalda, daha çox məlumatı qısa müddətdə təhlil etməyə imkan verə bilər.
Müşfiq Ələsgərli
Lakin burada əsas məsələ süni intellektdən istifadə etmək deyil, ondan necə istifadə etməkdir. AI faktları yoxlamadan hazırlanan materiallarda səhvlərə, dezinformasiyaya və auditoriyanın çaşdırılmasına səbəb ola bilər. Deepfake texnologiyaları, saxta foto və videolar, müəllif hüquqlarının pozulması da ciddi risklər yaradır. Buna görə süni intellektlə hazırlanan və ya onun köməyi ilə yaradılan məzmun üzərində insan nəzarəti mütləq olmalıdır. Jurnalistin əsas funksiyaları – faktları yoxlamaq, məlumatı müxtəlif mənbələrdən müqayisə etmək, hadisələri düzgün kontekstdə təqdim etmək və ictimai maraqları qorumaq – texnologiyaya tam həvalə edilə bilməz”.
Ekspert hesab edir ki, süni intellekt yaxın gələcəkdə medianı və ya jurnalistikanı əvəz etməyəcək:
“Ənənəvi medianın onlayn media ilə rəqabətində olduğu kimi, burada da əsas məsələ yox olmaq deyil, dəyişmək və yeni şəraitə uyğunlaşmaqdır. Onlayn media ənənəvi medianı tamamilə aradan qaldırmadı, sadəcə informasiya mühitini dəyişdirdi. Süni intellekt də media üçün oxşar transformasiya yaradır.
Gələcəkdə uğur qazanan media qurumları AI-dən daha ağıllı istifadə edənlər olacaq. Süni intellekt jurnalistin yerinə qərar verən deyil, onun imkanlarını genişləndirən alətə çevrilməlidir. Texnologiya sürəti və imkanları artıracaq, amma etibarlı jurnalistikanın əsasını yenə insanın məsuliyyəti, peşəkarlığı, etik prinsipləri və faktlara sadiqliyi təşkil edəcək. Məhz buna görə media bu rəqabət mühitində sağ qala bilər və hətta düzgün yanaşma ilə daha güclü mövqeyə sahib ola bilər”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Safura Bənnayeva
Globalinfo.az