baki 9 900x506 2

Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri dünya birliyinə inteqrasiyanın gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və müxtəlif dövlətlər, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsidir. Bu siyasət ölkənin beynəlxalq nüfuzunun artırılması və milli maraqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi ölkəyə hansı siyasi və iqtisadi üstünlüklər qazandırır?

Globalinfo.az-a danışan deputat Rövşən Muradov deyib ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası müasir dövlətçilik strategiyasının əsas sütunlarından biri kimi ölkənin siyasi çəkisini, iqtisadi imkanlarını və geosiyasi təsir dairəsini ardıcıl şəkildə genişləndirən mühüm xətdir:

“Bu proses yalnız beynəlxalq platformalarda iştirakla məhdudlaşmır, əksinə, milli maraqların qlobal müstəvidə müdafiəsi, tərəfdaşlıq şəbəkəsinin şaxələndirilməsi, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq qərarların formalaşdığı məkanlarda etibarlı aktor kimi qəbul olunması ilə nəticələnir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin başlıca üstünlüyü onun milli maraqlara əsaslanan müstəqil xarakter daşımasıdır. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, Azərbaycanın beynəlxalq fəaliyyəti xalqın milli maraqları üzərində qurulub və bütün siyasi səylər bu məqsədə xidmət edir. Bu fikir ölkənin xarici siyasət fəlsəfəsinin ideoloji nüvəsini ifadə edir: Azərbaycan heç bir güc mərkəzinin əlavəsi kimi çıxış etmir, öz iradəsi, öz gündəliyi və öz strateji hədəfləri ilə beynəlxalq münasibətlər sistemində mövqe tutur”.

Deputat bildirib ki, dünya birliyi ilə əlaqələrin genişlənməsi Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsində mühüm rol oynayır:

“Ölkəmiz BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa institutları və digər beynəlxalq platformalar vasitəsilə regional və qlobal gündəlikdə fəal iştirak edir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə nümayiş etdirdiyi təşəbbüskarlıq, Türk dünyasında inteqrasiya proseslərinə verdiyi töhfə, Avropa ilə enerji təhlükəsizliyi sahəsində qurduğu strateji əməkdaşlıq və postmünaqişə mərhələsində sülh gündəliyini təşviq etməsi ölkənin diplomatik imkanlarının genişliyini göstərir. Bu fəaliyyət Azərbaycanı beynəlxalq münasibətlərdə yalnız iştirakçı kimi tanıtmır, onu təşəbbüs irəli sürən, dialoq yaradan və regional sabitliyə töhfə verən dövlət səviyyəsinə yüksəldir”.

Rövşən Muradov qeyd edib ki, beynəlxalq təşkilatlarla əməkdaşlığın iqtisadi dividendləri də xüsusi əhəmiyyət daşıyır:

“Azərbaycanın xarici siyasəti iqtisadi müstəqilliklə siyasi suverenlik arasında üzvi bağlılıq yaradır. Prezident İlham Əliyevin “iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” məzmunlu fikri bu strategiyanın mahiyyətini aydın ifadə edir. Güclü iqtisadi baza xarici təsirlərə qarşı dayanıqlığı artırır, investisiya mühitini daha cəlbedici edir, dövlətin regional layihələrdə təşəbbüskar rolunu möhkəmləndirir. Bu baxımdan Azərbaycanın iqtisadi diplomatiyası siyasi müstəqilliyin maddi dayaqlarını gücləndirən mühüm mexanizm kimi çıxış edir. Azərbaycanın enerji diplomatiyası bu sahədə nümunəvi model formalaşdırıb. Cənub Qaz Dəhlizi, neft və qaz ixrac marşrutları, bərpa olunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlıq, Xəzər hövzəsinin strateji imkanlarının dünya bazarlarına çıxarılması ölkəmizi etibarlı enerji tərəfdaşına çevirib. Eyni zamanda nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələr Azərbaycanı Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantı mərkəzinə yüksəldir”.

rovsen muradov deputat

Deputatın sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Orta Dəhliz üzrə artan imkanlar və Zəngəzur dəhlizi perspektivi Azərbaycanın geosiyasi mövqeyini iqtisadi gücə çevirən əsas amillərdəndir:

“Dövlət başçısının qeyd etdiyi kimi, infrastruktur və logistika olmadan coğrafi mövqe öz real dəyərini tam aça bilmir, Azərbaycan isə bu üstünlüyü praktik iqtisadi gücə çevirməyi bacarıb. Dünya birliyinə inteqrasiya qeyri-neft iqtisadiyyatının inkişafına, ixrac bazarlarının genişlənməsinə, texnologiya transferinə, beynəlxalq maliyyə institutları ilə səmərəli əməkdaşlığa və insan kapitalının güclənməsinə də mühüm təkan verir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində iqtisadi suverenliyin möhkəmləndirilməsi, rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, özəl təşəbbüslərin inkişafı və yerli məhsulların xarici bazarlara çıxışının artırılması strateji hədəflər kimi müəyyənləşdirilib. Bu, xarici siyasətin iqtisadi inkişaf proqramları ilə vahid dövlətçilik məntiqində birləşdiyini göstərir”.

R.Muradov əlavə edib ki, geosiyasi müstəvidə Azərbaycanın əsas üstünlüyü tarazlaşdırılmış, praqmatik və nəticəyönlü siyasət aparmasındadır:

“Ölkəmiz Qərb, Şərq, Türk dünyası, İslam coğrafiyası və qonşu dövlətlərlə münasibətlərdə qarşılıqlı hörmət, suverenlik, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlar prinsiplərini əsas tutur. Bu siyasət Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş, sabitlik yaradan dövlət və regionda yeni reallıqların müəllifi kimi qəbul olunmasına şərait yaradır. Bu reallıq bir daha təsdiq edir ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası təsadüfi diplomatik fəallığın nəticəsi deyil, uzunmüddətli dövlət strategiyasının məntiqi davamıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan xarici siyasət kursu ölkənin suverenliyini, iqtisadi müstəqilliyini və beynəlxalq nüfuzunu bir-birini tamamlayan vahid sistemə çevirib. Azərbaycan bu gün qlobal proseslərin passiv müşahidəçisi kimi çıxış etmir, regional təhlükəsizlik arxitekturasının, enerji əməkdaşlığının, nəqliyyat-kommunikasiya bağlantılarının və sivilizasiyalararası dialoqun fəal iştirakçısı, bir çox hallarda isə təşəbbüskarı kimi tanınır. Nəticə etibarilə, Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi ölkəyə siyasi nüfuz, iqtisadi dayanıqlıq, diplomatik manevr imkanları və geosiyasi təsir gücü qazandırır”.

Deputat onu da vurğuıayıb ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə formalaşan bu xətt Azərbaycanın müstəqilliyini qorunan tarixi dəyər səviyyəsindən beynəlxalq münasibətlər sistemində fəal gücə, iqtisadi diplomatiya alətinə və dövlətçilik iradəsinin qlobal ifadəsinə çevirir:

“Bu mənada Azərbaycanın xarici siyasəti müasir dövrün mürəkkəb çağırışları fonunda milli maraq, iqtisadi qüdrət və siyasi ləyaqətin vəhdətindən yaranan strateji dövlətçilik məktəbidir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

media 900x333 1

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: