Şahzadə Diananın ən məşhur geyimlərindən olan və “qisas libası” (“Revenge Dress”) adı ilə tanınan qara ipək paltar 30 illik fasilədən sonra yenidən hərraca çıxarılacaq.
Globalinfo.az xəbər verir ki, “Sotheby’s” hərrac evində satışa çıxarılacaq libasın ilkin qiyməti 150-300 min dollar arasında müəyyənləşdirilib.
Hərrac dekabrın 9-da Nyu-Yorkda keçiriləcək. Satışdan əldə olunacaq vəsaitin bir hissəsinin NHS Lothian xeyriyyə təşkilatına yönəldilməsi planlaşdırılır.
Qeyd edək ki, Kristina Stambolian tərəfindən hazırlanan libası Diana 29 iyun 1994-cü ildə Londondakı “Serpentine Gallery”də keçirilən xeyriyyə tədbirində geyinib. Həmin gün Diananın həyat yoldaşı, o vaxtkı şahzadə Çarlz televiziyaya müsahibəsində ona xəyanət etdiyini etiraf edib.
Diananın tədbirdə çiyinləri açıq, qısa və bədənə kip oturan qara libasla görünməsi böyük əks-səda doğurub. Geyim sonradan “qisas libası” adlandırılıb və Diananın ictimai imicinin ən simvolik elementlərindən birinə çevrilib.
Şahzadə Diana həmin libası 1997-ci ildə xeyriyyə məqsədilə təşkil olunan hərracda digər geyimləri ilə birlikdə satışa çıxarıb. Libası həmin vaxt Briege Makenzi və onun həyat yoldaşı alıb. O vaxtdan bəri geyim əsasən şəxsi kolleksiyada saxlanılıb.
Safura Bənnayeva
Globalinfo.az