Universitetlərdə yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bu isə tələbələr üçün yalnız dərs və hazırlıq deyil, həm də yaşayış yeri məsələsini gündəmə gətirir. Xüsusilə kirayə ev axtaran oğlan tələbələr elanlarda “oğlanlara ev verilmir” şərti ilə tez-tez qarşılaşırlar.
Ev sahiblərinin sözügedən yanaşmasının səbəbi nədir və tələbələrin qarşılaşdığı bu problemi necə həll etmək olar?
Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, kirayə mənzil probleminin aktuallığını bir qədər də artırdığı dövrə daxil oluruq:
“Qısamüddətli də olsa, çox gərgin bir dövr olacaq və yəqin ki, biz qiymətlərdə də müəyyən artımların şahidi olacağıq. Tələbə oğlanlara evlərin kirayə verilməməsinin müxtəlif səbəbləri mövcuddur. Burada psixoloji faktorlar, eyni zamanda, real nəticələrdən ortaya çıxan müəyyən səbəblər yer alır. Bəzi ev sahiblərinin rastlaşdığı neqativ hallar və s. bütün bu amillər, insanları, mülkiyyətçiləri bu cür davranmağa sövq edir”.
Ramil Osmanlı
R.Osmanlı bildirib ki, bu, artıq ölkədə bir növ vətəndaşlıq hüququ qazanmış problemə çevrilib:
“Bunu aradan qaldırmaq üçün bizə illər lazım olacaq. Mövcud problemin tam şəkildə həlli üçün kirayə mənzil bazarında bolluq olmalı, təklif kəskin şəkildə artmalıdır. Alternativ alətlər və məhsullar bazara daxil olmalıdır. Məsələn, kirayə mənzil tipli sosial obyektlər, yataqxana tipli obyektlər yaradılmalıdır. Fikrimcə, dövlət sahibkarları bu prosesə təşviq etməlidir. Bununla bağlı müəyyən addımlar atılmalıdır. Çünki ilbəil bu məsələ, yəni kirayə mənzil problemi dərinləşir və daha ciddi problemə çevrilən formada davam edir”.
Ramil Osmanlı hesab edir ki, problemin qarşısının alınması üçün dövlət resurslarından, büdcə vəsaitlərindən istifadə etmədən sahibkarları bu məsələyə təşviq etmək, onlar üçün bu istiqamətdə yeni imkanlar açmaq lazımdır:
“Müəyyən güzəştlərin tətbiq edilməsi, sahibkarların ucuz torpaqla təmin olunması və s. kimi məsələlər həllini tapsa, yəqin ki, bu problem tədricən aradan qalxar. Yəni bazarda təklif və məhsul bolluğu olarsa, kirayə verənlər, mülkiyyətçilər də artıq bu cür davranışlardan imtina edəcəklər”.
Zaira Akifqızı
Globalinfo.az