Ruben Rubinyan 134134

Ermənistanda hakimiyyət daxilində baş verən son kadr dəyişikliyi regionda sülh prosesi fonunda diqqətlə izlənilir. Parlament sədrliyinə Ruben Rubinyanın seçilməsi təkcə daxili siyasi qərar kimi deyil, həm də İrəvanın gələcək siyasi kursuna dair mümkün mesaj kimi qiymətləndirilir.

Uzun müddətdir Türkiyə ilə normallaşma prosesində Ermənistanın xüsusi nümayəndəsi kimi çıxış edən, Azərbaycanla münasibətlərin tənzimlənməsi və sülh gündəminin tərəfdarı kimi tanınan Rubinyanın ölkənin ən yüksək dövlət postlarından birinə gətirilməsi müxtəlif suallar doğurur.

Bu təyinat proseslərə necə təsir edəcək?

Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, İkinci Qarabağ müharibəsindən sonra Paşinyan iqtidarı qonşularla, o cümlədən Azərbaycanla normal münasibətlərə üstünlük verməyə başladı:

“Lakin ölkə daxilində revanşistlər Azərbaycanla sülh prosesinin qarşısını almaq üçün ciddi müqavimət göstərirlər. Ona görə də Ermənistan cəmiyyətinin iki barışmaz hissəyə bölündüyünü deyə bilərik. Təbii ki, uzun illər xalqımıza qarşı nifrət ruhunda böyüdülən revanşist ermənilərin sərsəm xəyallarından dərhal imtina etməsi inandırıcı görünmür. Bu həm də bizim münasibətlərdə ehtiyatlı olmağımızı tələb edir. Ermənistan tərəfindən verilən sözlərə, vədlərə və öhdəliklərə inanmaq olmaz. Onlar bütün bunları əməllərində göstərməlidirlər”.

mutellim rehimov 2 e1756729840247 900x628 1

Mütəllim Rəhimli

Ekspert deyib ki, Paşinyan iqtidarı Azərbaycanla sülh üçün ciddi səy göstərməlidir:

“Bunun üçün ilk növbədə hakimiyyətdə təmsil olunan şəxslər sülh tərəfdarı olmalıdır. Parlamentin yeni spikeri Rubinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin yumşaldılması, sülh sazişinin imzalanması üçün bəyanatlar verib. Onun simasında parlamentin sülhə gedən yolda dəstəkci olacağı təsiri yaranır.

Zənnimcə, Rubinyanın spiker vəzifəsinə gətirilməsi Ermənistan üçün sülh sazişini tezliklə imzalamaqdan daha çox, siyasi manevrlər etmək məqsədi daşıyır. Çünki sülh müqaviləsi məsələsini Ermənistan getdikcə daha çox beynəlxalq müstəviyə qaldırmağa və maraqlı tərəfləri bu prosesə qoşmağa çalışır. Azərbaycan tərəfi logistika və nəqliyyat marşrutları məsələsinin sülh müqaviləsindən kənarda həllini təklif etməklə Ermənistanın bu hiyləsinin qarşısını aldı. Ancaq görünür, hələ qarşı tərəf öhdəliklərini tam yerinə yetirmək niyyətində deyil. Əks halda referendumla bağlı qərar verərək əməli addımlar atardı”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: