Tokayev Putin 11

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin rusiyalı həmkarı Vladimir Putinlə görüşdə səsləndirdiyi bəyanatlar diqqət çəkib. Onun Ukrayna müharibəsinin dayandırılması ilə bağlı dediyi fikirlər xüsusilə maraq doğurub. Bundan əvvəl də Tokayev Putinlə görüşdə sərt diplomatik mesajlar vermişdi.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Tokayevin Putinlə son görüşü zamanı səsləndirdiyi fikirlər əslində bütövlükdə postsovet məkanında dəyişən geosiyasi balansın göstəricisi kimi qiymətləndirilə bilər:

“Ukraynada müharibənin “dondurulması” ilə bağlı çağırışlar Rusiyanın ən yaxın tərəfdaşlarından birinin Kreml rəhbərliyi qarşısında açıq şəkildə fərqli mövqe nümayiş etdirməsi kimi diqqət çəkib. Tokayevin bu çıxışı təbii olaraq rezonans doğurub və onun əvvəlki illərdə sərgilədiyi mövqeni də nəzərə alsaq, bu addımı Qazaxıstanın müstəqil xarici siyasət xəttinin davamı kimi dəyərləndirə bilərik.

Əslində, Tokayevin bu mövqeyi yeni deyil. O, 2022-ci ildən etibarən müxtəlif beynəlxalq platformalarda Ukraynanın şərqində yaradılmış separatçı qurumları tanımayacağını açıq şəkildə bəyan edib və beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə istinad edib. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların pozulmaması istiqamətində atılan addımlar da Astananın Moskva ilə strateji tərəfdaşlığı qorumağa çalışsa da, xarici siyasətdə tam asılı görünmək istəmədiyini nümayiş etdirib. Son çıxışında isə Tokayev müharibənin davam etməsinin həm regional təhlükəsizliyə, həm də iqtisadi əməkdaşlığa mənfi təsir göstərdiyini vurğulayaraq “İstanbul formulu 2.0” çərçivəsində danışıqların bərpasını təklif edib.

yusif bagirzade 900x498 1

Yusif Bağırzadə

Bu bəyanatın diplomatik çəkisini artıran əsas amillərdən biri onun Vladimir Putinin iştirakı ilə, açıq tədbirdə səsləndirilməsi idi. Belə formatda verilən mesajlar adətən əvvəlcədən hesablanmış siyasi siqnallar kimi qəbul olunur. Tokayev bir tərəfdən Rusiyanın region üçün əhəmiyyətini vurğulasa da, digər tərəfdən müharibənin uzanmasının nə Moskvanın, nə də region ölkələrinin maraqlarına uyğun olduğunu dolayısı ilə ifadə edib. Bu yanaşma Qazaxıstanın son illərdə Rusiyadan asılı olmayan çoxvektorlu xarici siyasət kursunu davam etdirdiyini göstərir.

Politoloq qeyd edib ki, Tokayevin mövqeyi Rusiyaya qarşı beynəlxalq siyasi təzyiqlərin artdığı bir dövrə təsadüf edir:

“Müharibənin uzanması fonunda Qərb ölkələri Moskva üzərində həm diplomatik, həm də iqtisadi təsir mexanizmlərini genişləndirməyə çalışırlar. Belə şəraitdə Rusiyanın yaxın tərəfdaşlarından gələn ehtiyatlı tənqidi mesajlar Kreml üçün əlavə siyasi siqnal kimi qiymətləndirilə bilər.

Ümumiyyətlə isə Tokayevin son bəyanatları Qazaxıstanın regional proseslərdə daha müstəqil və praqmatik aktor kimi çıxış etmək istəyini göstərir. Onun Putinin iştirakı ilə səsləndirdiyi fikirlər diplomatik etiket çərçivəsində olsa da, mahiyyət etibarilə müharibənin siyasi həllinə çağırış və region ölkələrinin maraqlarının qorunmasına yönəlmiş mesaj kimi qəbul edilə bilər. Bu yanaşma göstərir ki, Mərkəzi Asiya dövlətləri dəyişən beynəlxalq şəraitdə öz milli maraqlarını daha açıq müdafiə etməyə çalışır, eyni zamanda böyük güclərlə münasibətlərdə balansı qorumağa üstünlük verirlər. Bu isə regionun gələcək geosiyasi dinamikasının formalaşmasında mühüm amillərdən biri ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: