39 yaşlı kişiyə arvadına zəng etmək qadağan olundu – TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Əhməd ailə münaqişəsi zəminində həyat yoldaşı Sevilə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Globalinfo.az Demokrat.az-a istinadən xəbər verir ki, Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2008-ci ildən etibarən zərərçəkmiş Sevil ilə rəsmi nikahda olaraq ailəlidir: “Birgə nikahımızdan dörd övladımız var. Arvadı məni qısqandığı üçün ailə daxilindən mütəmadi olaraq münaqişələrimiz olub. Baş verən hadisədən bir gün əvvəl Zaqatala rayonunda yaşayan dostumun xeyir işində iştirak etmək üçün getdim. Səhəri gün evə geri döndükdə arvadımın evdə olmadığını gördümş. Ona məxsus olan mobil telefon nömrəsinə dəfələrlə zəng etsəm də, sonuncu zənglərə cavab vermədi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti gün arvadı Sevil evə geri dönüb: “Evdə olan zaman arvadımdan nə üçün zənglərimə cavab vermədiyini soruşdum. Arvadım Ucar rayonuna getdiyini və məndən boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdiyini bildirdi. Bu zaman aramızda münaqişə yarandı. Əsəbləşdiyim üçün onun baş nahiyyəsindən şillə ilə qəsdən vurdum”.

İş üzrə zərərçəkmiş Sevilin sözlərinə görə, əri Əhməd ilə mütəmadi olaraq ailə daxilindən münaqişələri olub: “Məlum hadisədən əvvəl Əhməd Zaqatala rayonunda yaşayan dostunun xeyir işində iştirak etmək üçün ora gedəcəyini bildirsə də, inanmadığımı, şəxsi istirahəti üçün rayona getmək istədiyini ona söylədim. Bu zaman aramızda sözlə mübahisə yarandı. Həmin gün qızımı götürərək Ucar rayonunda yaşayan anamın yanına getdim. Növbəti gün evə geri dönən zaman Əhməd məni həyətdə gözlədi. Həmin gün saat təxminən 22-20 radələrində hər ikimız mənzilə daxil olduq. Mənzilin digər otağında olan zaman aramızda yaranan münaqişə vaxtı ərim əli ilə baş və əl nahiyəmdən qəsdən vuraraq xəsarətlər yetirdi. Bundan sonra rayonda yaşayan anama zəng vuraraq məlumat verdim. Sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq müraciət etdim”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əhməd 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, N.Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.

Eyni zamanda təqsirləndirilən şəxsə şikayət vermiş şəxs olan arvadının olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, arvadını narahat edəcək digər hərəkətlərin edilməsi, həmçinin məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək qadağan edilib.
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.