Ötən həftəsonu Real TV-nin rəhbəri Mirşahin Ağayevin 1992-ci ildə ermənilərin soydaşlarımıza qarşı Xocalıda törətdiyi soyqrımının baş verdiyi ərazidən hazırladığı reportaj böyük marağa səbəb oldu.
Reportajda faciənin törədildiyi ərazilərin görüntülərinin təqdim edilməsi dərin kədər hissi ilə qarşılandı. Müasir Azərbaycan tarixinin ən qanlı səhifəsinin yazıldığı ərazidən hazırlanan material ölkə ictimaiyyətində yüksək qiymətləndirildi.
Lakin 30 illik işğaldan sonra azadlığa qovuşan Xocalının qanlı tarixinin sadəcə Azərbaycan sərhədləri daxilində deyil, beynəlxalq arenada da işıqlandırılmasına ehtiyac olduğu vurğulanır. Dünya mediasının 32 il öncə baş vermiş qətliamın izləri ilə yaxından tanış olması, soyqırımının törədildiyi ərazidən materiallar təqdim etmələrinin zəruri olduğu bildirilir.
Bəs, hadisə şahidlərinin iştirakı ilə xarici jurnalistlər üçün o ərazidə brifinq keçirilməsi nəzərdə tutula bilərmi?
Ümumiyyətlə, 30 il sonra işğaldan azad olunan, yüzlərlə insanın vəhşicəsinə qətlə yetirildiyi torpaqdan həqiqətlərin sadəcə ölkə ictimaiyyətinə deyil, dünyaya da çatdırılması üçün nə kimi işlər görülə bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün hələ işğal müddətində bir çox işlər görülüb:
“Xocalı soyqırımı XX əsrin ən dəhşətli qətliamlarından biridir. Real TV-nin Xocalıdan hazırladığı reportaj çox professional şəkildə ərsəyə gətirilmişdi, maraqla qarşılanması təbiidir. Tarixin bu qanlı səhifəsinin sadəcə ölkə sərhədləri daxilində qalmaması, beynəlxalq arenaya çıxarılması yönündə proses artıq başlayıb. Hələ torpaqlarımız işğalda qaldığı müddətdə Azərbaycan Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün böyük bir kampaniyaya başladı. Həmçinin bir neçə dəfə Prezident İlham Əliyevin iştirakı ilə yürüşlər keçirilib, soyqırım nəticəsində qətlə yetirilənlərin xatirəsinə ucaldılan abidə hər il hadisənin ildönümündə ziyarət edilir. Bir sözlə, bu istiqamətdə ciddi addımlar atılır. Bildiyim qədəri ilə 10-a yaxın ölkənin müxtəlif səviyyəli qurumlarında Xocalıda baş verən qətliamın soyqrım aktı kimi qəbul edilməsinə nail olunub, proses bundan sonra da davam etdiriləcək”.
Müşfiq Ələsgərli
Ekspert bildirib ki, işğaldan azad olunan ərazilərə xarici media nümayəndələrinin bir neçə dəfə səfərləri təşkil edilib:
“Media müstəvisində də bu məsələ ilə bağlı kifayət qədər iş görülüb. Artıq işğaldan azad olunmuş ərazilərə xarici diplomatik korpus nümayəndələri və jurnalistlərin aparılması, orada faktlarla yerində tanış olmaları üçün şərait yaradılır. Dəfələrlə bu cür təşəbbüslər reallaşdırılıb. Xarici media nümayəndələri azad olunmuş ərazilərdə tapılan kütləvi məzarlıqlarla tanış olub, baxış keçiriblər. Çox güman ki, Xocalı ilə bağlı da belə bir addım atılacaq, bunu gözləyirik”.
M.Ələsgərli Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün qətliamın baş verdiyi ərazidə xarici media nümayəndələrinin iştirakı ilə bənzər brifinq, yaxud forumların təşkilinin zəruri olduğunu qeyd edib:
“2023-cü ilin iyul ayında Şuşada Qlobal Media Forumu keçirildi. Burada ümumilikdə 50 ölkəni təmsil edən 120 media subyekti iştirak etdi. Prezident İlham Əliyev orada bu kimi forumların silsilə şəkildə təşkilinin davam edəcəyini bildirdi. Güman edirəm ki, bu, çox müsbət təşəbbüs idi. Növbəti illərdə digər işğaldan azad olunmuş ərazilərdə bu cür beynəlxalq media forumları keçiriləcək. Xarici jurnalistlərin həqiqətləri öz gözləri ilə görmələri üçün şərait yaradılacaq. Məhz Xocalıda da bu kimi toplantıların keçirilməsi, brifinqlərin təşkili üçün təşəbbüs olacağını düşünürəm”.
Ayşən Mustafa
Globalinfo.az