Qarabağda etnik təmizləmə olub? – İrəvan reallığı göstərdi

“Son vaxtlar Qarabağ məsələsini 2 dəfə BMT Təhlükəsizlik Şurasının iclasına çıxaran qüvvələr bu bölgəmizdə guya etnik təmizləməyə cəhdlərin olduğunu hər vəchlə iddia etməyə çalışırlar, lakin reallıq başqadır. Bu fərqli reallığı elə Ermənistan rəsmi statistikası təsdiq edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Ermənistan Statistika İdarəsinin məlumatına əsasən, bu ölkədə yaşayan azərbaycanlıların sayı 1979-cu il siyahıyaalınmasında 160 min 841 nəfər olsa da, 2011- ci il siyahıyaalınmasında 1 azərbaycanlı belə qeydiyyata düşməyib:

“Ermənistanın 30 il işğalda saxladığı Qarabağda yaşayan azərbaycanlıların sayına diqqət yetirək. Keçmiş SSRİ-də 1989-cu ildə həyata keçirilən siyahıyaalınmaya əsasən bu bölgəmizdə yaşayan azərbaycanlıların sayı 40 min 688 nəfər olub.

Ermənistanın elan etdiyi rəsmi statistikaya istinad etsək, 1989-cu ildən sonra Ermənistan və Azərbaycanın Qarabağ bölgəsində etnik təmizləməyə məruz qalan azərbaycanlıların sayı 201 min 529 nəfər olub. Doğrudur, reallıqda daha çox azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Amma hətta Ermənistanın öz rəsmi statistikası 200 mindən çox azərbaycanlının etnik təmizləməyə məruz qaldığını təsdiq edir. Real mənzərə budur, əlavə şərhə ehtiyac varmı?!”

Zaira Akifqızı
Globalinfo.az