8 iyun gecə saat 3 radələrində 27 yaşlı Vüsal Qurbanov qətlə yetirilib.
V.Qurbanovun qohumu Tünzalə Hüseynli Globalinfo.az-a deyib ki, qohumu yeniyetmələr tərəfindən qətlə yetirilib.
“Qətlə yetirilən şəxs mənim xalam oğludur. Vüsalın 27 yaşı var idi. Hadisə Abşeron rayonu, Xırdalan şəhərində beton zavodunun yaxınlığında baş verib. Vüsal həmin gecə işdən çıxaraq piyada evinə gedirmiş. O, avtomobil motor ustası kimi çalışırdı və işinin gec başa çatması səbəbindən həmin saatlarda evə qayıdırmış. Yaşadığı ev hadisə yerinə yaxın olduğundan həmin yolu piyada gedirmiş”.
T.Hüseynlinin sözlərinə görə, cinayəti törədən şəxsləri tanımırlar:
“O, özünə əvvəlcədən tanış olmayan üç yeniyetmənin hücumuna məruz qalıb. Hücum edən şəxslərdən biri 16, digər ikisi isə 17 yaşındadır. Vüsal ürək, böyrək, qol və ayaq nahiyəsindən aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində həyatını itirib. Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsi və Abşeron Rayon Prokurorluğu tərəfindən operativ tədbirlər görülüb, şübhəli şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. Lakin ailə olaraq hadisənin ictimailəşdirilməsini istəyirik. Hesab edirik ki, cəmiyyətin diqqəti bu işin daha şəffaf və obyektiv araşdırılmasına müsbət təsir göstərə bilər”.
Tünzalə Hüseynova deyib ki, hadisəni törədənlərin ailə üzvləri Vüsal Qurbanovun doğmaları ilə əlaqə saxlamayıb və onlara başsağlığı verməyib.
Zaira Akifqızı
Globalinfo.az