2000-ci ildə deyirdik ki, Putin bizə nəinki Qarabağı, hətta… – Abrahamyan

“2000-ci ildə biz deyirdik ki, Vladimir Putin güclü liderdir, o qəzəblənərsə, hətta Ağrı dağını qaytarmağımıza belə şərait yaradar”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Aram Abrahamyan deyib.

Jurnalist Ermənistan ictimaiyyətində Rusiya ilə bağlı fikirlərin kəskin şəkildə dəyişdiyini bildirib:

“24 il öncə deyirdik ki, “bütün həyatımızı Rusiyanın kölgəsində keçirmişik, belə də qalmalıdır: Putin istəsə, Ağrı dağını da bizə qaytarar”. Lakin indi deyirik, Rusiya həmişə düşmənimiz olub, 300 ildə onlara görə başımıza fəlakətlər gəlib, soyqırımlara məruz qalmışıq. İlk fikrin cəfəngiyyat olduğunu hələ o illərdə deyirdim.

Rusiya ilə bağlı hazırkı yanaşma daha doğrudur. Dövlətlər strateji hesablamalara əsasən addımlar atırlar. Kreml də belə etdi. 2014-cü ildə bilinirdi ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücumlara başlayacaq, lakin onun ağır nəticələri də olacaq, sanksiyalara məruz qalacaq. Bu səbəbdən Türkiyənin siyasi və iqtisadi dəstəyi, əlaqələrin gücləndirilməsi Rusiya üçün Qarabağ məsələsindən daha vacib idi. Moskva iki məsələni də nəzarətdə saxlamaq istəyirdi, lakin Ermənistanın “Lavrov planı”nı rədd etməsi buna imkan vermədi”.

A.Abrahamyan Ermənistan üçün Qərb masasının da doğru seçim olmadığını deyib:

“İndi ölkədə düşünürlər ki, Azərbaycanla sülh sənədi ABŞ və Avropa İttifaqının nəzarəti ilə imzalanarsa, Qərb Ermənistanın təhlükəsizliyinə zəmanət verəcək. Bu məsələdə Rusiya ilə yanaşı Qərbə də güvənmək yanlışdır. Heç kim heç nəyə zəmanət verə bilməz, çünki bütün güc mərkəzləri öz maraqlarını rəhbər tuturlar”.

Ayşən Mustafa
Globalinfo.az