Yeniyetmənin qətli polislə vətəndaşları üz-üzə qoydu – “Dəyənəyi o tutub…”

İyunun 27-də Parisdə polis əməkdaşlarının 17 yaşlı oğlanı güllələyərək öldürməsindən sonra başlanan etiraz aksiyaları davam edir. Artıq Paris polisi ictimai asayişə nəzarət etmək üçün PUA-lardan istifadə edir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Yeganə Hacıyeva deyib ki, Fransada irqi zəmində polis özbaşınalığı dövlət terroru səviyyəsindədir:

“Əlcəzairli 17 yaşlı gəncin qətlini polis itaətsizliklə pərdələməyə çalışdı. Gəncin guya polisləri maşınla əzmək istədiyi üçün güllələndiyini bildirdi. Lakin sonradan yayımlanan və AFP agentliyinin təsdiqlənmiş videosu hadisənin fərqli olduğunu, polisin gənci qəsdən öldürməsi həqiqətini üzə çıxardı.

Ümumiyyətlə, bu, fransız polisinin qanunsuz güc tətbiq etdiyinə dair ilk belə hal deyil. Bu kontekstdə çox sayda sənədləşdirilmiş hallar var”.

Y.Hacıyeva bildirib ki, Fransa hakimiyyəti cəmiyyətlə hesablaşmamağın ölkədə yaratdığı ictimai-siyasi böhrana polisin etirazçılara qarşı şiddəti və zorakılığı ilə cavab verir:

“Polis zorakılığı cəmiyyətdə gərginlik yaratmaqla yanaşı, həm də Makron siyasətinə xidmətdir.

Etirazlarda asayişin qorunması, irqi ayrı-seçkilik tələbi Fransanın daxili işlər nazirindən gəlib. O isə Fransa Prezidenti Emmanuel Makrona tabedir. Bu isə o deməkdir ki, etirazçılara qarşı dini, irqi zəmində şiddət göstərən polis dəyənəyinin Emmanuel Makronun əlindədir”.

Turan Rzayev
Globalinfo.az