14 şirkət rəhbəri məhkəməyə çıxarılır – Siyahı

Bakıda dövlət satınalmalarında ciddi qanun pozuntusuna yol verən şirkətlərlə bağlı prokurorluqda aparılmış cinayət işinin istintaqı yekunlaşıb. 

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, istintaqda “Lm Holdinq-L”, “T-Delta Group Lt”, “Ural As Servis”, “Zirfe Tim Corp”, “Star-08 Lt”, “Kremon”, “Qlobus Azxx Kompany”, “Gold Planet Lt”, “Echo Moon Lt”, “Qlobal 18 Corp”, “Orlondo 22 Corp”, “Alfa 99 Corp”, “Tean Lm” və “Cfr 22 Corp” MMC-lər tərəfindən bəzi dövlət orqanları adından hazırlanmış sənədlərə müdaxilə edilməklə saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair pozuntular aşkarlanıb.

Sözügedən şirkətlərin rəhbərləri barəsində 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusuna yol verən sözügedən şirkətlərlə bağlı Baş Prokurorluğa müraciət etmişdi. Məlum olub ki, adları cinayət işlərində hallanan şirkətlərin əkrəyiyyəti yeni yaradılıb. Həmçinin bir adamın adına bir neçə şirkət də eyni ünvanda və yaxud eyni vaxtda dövlət qeydiyyatdından keçərək, Səhiyyə Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və digər qurumların təşkil etdiyi milyonluq tenderlərin qalibi olub.