Ərdoğanın Zəngilan səfərindən sonra İranın təlimlərinin heç bir təsiri qalmayacaq – ŞƏRH

 

İran səfirliyinin sərhəddə hərbi təlimlər haqda yaydığı bəyanat o deməkdir ki, Azərbaycanın dövlət-cəmiyyət olaraq sərt təpkisi öz işini görüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan səfərindən sonra bu təlimlərin bir qara qəpiklik təsiri, dəyəri qalmayacaq. Necə ki, ötən il belə olmuşdu. Azərbaycanla Türkiyənin bölgədə yaratdığı reallığı nə İran dəyişə bilər, nə də bir başqası. Bu elə bir yol, elə bir missiyadır, durdurulması mümkünsüz görünür.

Əslində SEPAH-ın təlimlərinin əsas hədəfi Zəngilan aeroportu və Zəngəzur dəhlizidir. Türk dünyasının bu və ya digər formada güney sərhədlərinə yerləşməsi, orda möhkəmlənməsi Tehranın rahatlığını pozmaya, özgüvənini darmadağın etməyə bilməz. Baxmayaraq ki, prezident İlham Əliyev dəfələrlə İranla bağlı olduqca mehriban, xoş bəyanatlar verib. Tehran yenə də rahat ola bilmir. Çünki tarixi Azərbaycan torpaqlarının bir hissəsini işğal edib. Bunun gec-tez hesabını verəcəyindən narahatdır.

Qoy elə narahat qalsın. Bilsin, anlasın ki, üstündən 200 ilə yaxın zaman keçsə də biz o torpaqları, vətənimizin ikiyə bölündüyünü unutmuruq və bunu kimsəyə bağışlamırıq.

Azər Ayxan, Əməkdar jurnalist
Globalinfo.az