Ərdoğan Rusiyanın tərəddüdlərinə məhəl qoymadı: “Davam edəcəyik”

“Ankara Rusiyanın tərəddüdlərinə baxmayaraq, “taxıl müqaviləsi”nin şərtlərinə əməl etməyə davam edəcək”.

Globalinfo.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən tibbi sammitdə deyib .

Türkiyə liderinin sözlərinə görə, Ukrayna və Rusiya ərazilərində istehsal olunan buğda aclıqla üzləşən ölkələrə getməli idi.

Prezident qeyd edib ki, Türkiyə, Ukrayna, Rusiya və BMT arasında əldə olunan razılaşmaya əsasən yaradılmış birgə mexanizm sayəsində Ukrayna buğdası bütün dünyanın istifadəsinə verilib və ərzaq böhranının azalmasına kömək edib.

“Rusiya özü üçün eyni imkanların olmaması səbəbindən bu mövzuda tərəddüd etsə də, biz bəşəriyyətə xidmət etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”, – Ərdoğan bildirib.

Xatırladaq ki, iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, eləcə də Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında sazişlər imzalayıblar. Razılaşma Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukraynadan taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur .