Ərdoğan BMT-dən səsləndi: “PKK və onun törəmələrinə biganə qalmayacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında çıxış edib.
O, Suriyadan Yunanıstana, Ukraynadan Kipr və Fələstin məsələlərinə qədər bir çox mövzuda mesajlar verib.
Suriyada qalıcı həll yolunun tapılmasının vacibliyini vurğulayan Ərdoğan”həllin tapılmamasının bölgədəki etibar və sabitliyi və Suriyanın ərazi bütövlüyünü daha da təhdid edir. Ölkəmizə, təhlükəsizlik qüvvələrimizə və mülki şəxslərə qarşı terror aktları törədən PKK və onun törəmələrinə Türkiyənin biganə qalmasını gözləmək olmaz. Bu terror təşkilatını ad dəyişikliyi kimi hiylələrlə qanuniləşdirməyə çalışanları terrorçuları silahlandırmaq və dəstəkləməkdən əl çəkməyə dəvət edirik” deyən Ərdoğan Türkiyənin terrora qarşı hər cür tədbiri görməyə qadir olduğunu və lazım olanı etməkdən çəkinməyəcəyini vurğulayıb.
Bölgələrində 100 min briket evi tikdiklərini və 1 milyon suriyalının öz torpaqlarına qayıtmasını təmin edəcək 200 min evin tikintisi üçün hazırlıqlara başlanıldığını bildirib.
Ərdoğan 13 ayrı mərkəzdə və kənd yerlərində təhlükəsiz zonalarda inşa ediləcək bu layihənin reallaşması üçün beynəlxalq dəstəyə ehtiyac olduğunu vurğulayıb.
“Qaçqın böhranını özlərinə daha yaxşı gələcək təmin etmək üçün yola çıxan günahsız insanların qayıqlarını batırıb onları ölümə tərk etməklə, sərhədlərə divar çəkməklə, insanları həbs düşərgələrinə salmaqla həll etmək olmaz” – deyə, Ərdoğan bildirib.
Yunanıstanın Egey və Aralıq dənizində mühacirlərə qarşı zülmünün artdığını bildirən Ərdoğan qaçqınların qanunsuz və düşünülmədən geri qaytarılmasının Egey dənizini qaçqın məzarlığına çevirdiyini qeyd edib.
Kipr məsələsinin ədalətli, qalıcı və davamlı həllinə nail olmaq üçün Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) ilə hər zaman yaxşı niyyətlər və konstruktiv səylər göstərdiklərini ifadə edən Ərdoğan “həqiqəti görmək istəyən hər kəs bilir. Bu gün adada iki ayrı dövlət və iki xalq var. Kipr Türk xalqının suveren bərabərlik hüququnu təmin etmək həllin açarıdır” deyib.
“Epidemiyadan ağır zərbə alan qlobal iqtisadiyyatın Rusiya-Ukrayna müharibəsi ilə yeni bir şok dalğasına məruz qaldığını görürük. Müharibənin ərzaq təhlükəsizliyini də riskə atıb. Maddi və texnoloji imkanların ən yüksək həddə çatdığı 21-ci əsrdə dünya əhalisinin beşdə birinin hələ də aclıqdan əziyyət çəkdiyini izah etmək mümkün deyil” – deyə, Ərdoğan əlavə edib.
Ərdoğan BMT-nin daha ədalətli dünya nizamı üçün həll yolları yarada biləcək ortaq iradəni bir araya gətirən bir təşkilat olaraq yenidən qurulmasının vacibliyini vurğulayıb.
O bildirib ki, Təhlükəsizlik Şurasının daha effektiv, demokratik, şəffaf və hesabatlı struktura çevrilməsi rifah və ədalət axtarışında mühüm dönüş nöqtəsi olacaq. (Ameriknın Səsi)