Zəlzələ Türkiyəyə təhsil almağa gedənlərin sayına necə təsir edəcək? – Deputat açıqladı

Sirr deyil ki, hər il minlərlə azərbaycanlı tələbə təhsil almaq üçün xaricə, əsasən də qardaş ölkə Türkiyəyə üz tutur. Artıq bir neçə gündür ki, Türkiyədə ardıcıl olaraq baş verən zəlzələlər nəticəsində minlərlə insan həyatını itirib. Baş verən hadisələr Türkiyəyə təhsil almaq üçün gedən tələbələrin sayına təsir edəcəkmi?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov bildirib ki, Türkiyədə baş verən zəlzələ bizim tələbələrimizin orada təhsil almasına ciddi təsir etməyəcək:

“Sadəcə, ola bilər ki, tələbələrin zəlzələ baş verən bölgələrə marağı azalsın. Amma ümumilikdə Türkiyəyə təhsil üçün üz tutan tələbələrin sayına ciddi təsir göstərməyəcək. Təhsil almaq üçün üz tutanların sayının çox olmasının obyektiv və subyektiv səbəbləri var. Əsas səbəblər – bizim universitetlərdə təhsil haqqının yüksək olması və Türkiyədə təhsilin məzmunlu və daha keyfiyyətli olmasıdır.

Ceyhun Məmmədov: Azərbaycan tarixində yeni mərhələ | innews.media

Ceyhun Məmmədov

Burada digər bir məsələ isə başqa ölkələrdə birbaşa attestatla universitetə qəbul olma imkanıdır. Bu gün 26.000 tələbənin Türkiyədə təhsil alması böyük bir rəqəmdir. Türkiyə bizim üçün dost və qardaş ölkədir. Tələbələrimiz istədiyi ölkədə təhsil ala bilər. Amma hesab edirəm ki, həm Elm və Təhsil Nazirliyi, həm Dövlət İmtahan Mərkəzi (DİM) bu məsələni ciddi araşdırmalı, subyektiv səbəblər varsa, onların aradan qaldırılması istiqamətində addımlar atmalıdır”.

Millət vəkili bildirib ki, hər kəsin təhsil hüququ var və istənilən yerdə təhsil ala bilər:

“Bu gün ölkəmizdə uşaqları xaricə təhsil almaq üçün göndərən çox sayda şirkətlər var. Bəzən həmin şəxslər DİM imtahanlarında iştirak etmədən gedib xaricdə təhsil alıb qayıtdıqdan sonra, onların diplomunun tanınmasında, işə qəbul olmasında problemlər yaranır.

Ona görə də hesab edirəm ki, bu məsələlər ciddi diqqətdə saxlanılmalı və məsələ həllini tapmalıdır. Təəssüf ki, biz hələ də Azərbaycan təhsilində arzuolunan keyfiyyəti tam təmin edə bilməmişik. Bu da bilavasitə gənclərin xaricdə təhsilə almalarına həvəsli olmalarına öz təsirini göstərir”.

Zaira Akifqızı
Globalinfo.az