1778445266 putin zelensky

“Müharibənin dayandırılması hər iki tərəfin maraqlarına uyğundur, uzanması itkiləri artırır. Son aylarda Rusiyanın itkiləri daha çoxdur. Məntiqlə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin təklifinə müsbət cavab verməlidir. İki lider qısa zamanda görüşüb müharibəni dayandırmalıdır”.

Bu sözləri Globalinfo.az-a politoloq Mətin Məmmədli Ukrayna prezidentinin Vladimir Putinə ünvanladığı açıq məktubu şərh edərkən deyib.

Politoloq bildirib ki, müharibəni dayandırmaq Rusiya prezidenti üçün xeyli çətindir:

“Siyasi, təhlükəsizlik və psixoloji amillər buna mane olur. Müharibə başlayanda Rusiyanın qarşısında müəyyən strateji məqsədlər var idi. Bu məqsədlərin bir çoxu həyata keçirilməyib.

Düzdür, Rusiya Ukrayna ərazilərinin bir qismini ələ keçirib, Donetsk və Luqansk vilayətlərinin bəzi bölgələrini işğal edib. Amma müharibənin əvvəlində Kremlin məqsədi yalnız bu əraziləri nəzarətə götürmək deyildi. Digər hədəflər isə reallaşmadı.

Son aylarda ABŞ müharibənin dayandırılması istiqamətində müəyyən təşəbbüslərlə çıxış edib. Tərəflər arasında danışıqlar da baş tutub. Görünən odur ki, Rusiya hakimiyyəti Donetsk ərazisində qalan Ukrayna qüvvələrinin çıxarılmasına çalışır. Donbas və Luqanskın tam şəkildə Rusiyanın nəzarətinə keçməsi halında Putin müharibəni dayandıra bilər. Lakin Ukrayna tərəfi buna razı deyil.

metin memmedli
Mətin Məmmədli

Kiyev həmin ərazilərdə güclü müdafiə istehkamları qurub. Onlardan imtina etmək həm hərbi-taktiki təhlükə yarada, həm də yeni siyasi və təhlükəsizlik riskləri ortaya çıxara bilər. Tərəflərin kompromisə gəlməsi üçün Rusiya öz mövqeyinə yenidən baxmalıdır. Görünən odur ki, Moskva hələlik kompromisə hazır deyil.

Fikrimcə, Rusiyanın şərtləri yerinə yetirilmədən müharibənin dayandırılması Putin üçün müəyyən risklər yarada bilər. Kremldə belə suallar ortaya çıxa bilər ki, Rusiya niyə bu qədər müharibə apardı, bu qədər itki verdi, amma real nəticələr əldə etmədi? Ona görə də vəziyyət mürəkkəb olaraq qalır.

Rusiyada iqtisadi problemlər də hiss olunur. Hətta son aylarda neftin qiymətinin yüksəlməsi belə bu ölkəyə ciddi fayda vermir. İqtisadi çətinliklər sosial narazılığı artırır. Sosial narazılıq isə zamanla siyasi narazılığa transformasiya oluna bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: