Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasının həyətində yanğın baş verib. Yanğının FHN-nin müdaxiləsi nəticəsində söndürülüb, ətrafa yayılan tüstü səbəbindən korpusdakı tələbələr, müəllimlər və digər əməkdaşlar təxliyə olunub.
Daha sonra tələbələr arasında xəsarət alanların, xəstəxanaya yerləşdirilənlərin olduğuna dair məlumatlar yayılıb.
Universitetin PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev Globalinfo.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.
O, ciddi xəsarət alanların olmadığını bildirib:
“Sadəcə hadisə nəticəsində bəzi tələbələrdə panika yaranıb, sarsıntı keçiriblər. Onlar da öncədən qabaqlayıcı tədbir məqsədilə dəvət etdiyimiz həkim briqadalarından peşəkar yardım alıblar. Həmin tələbələrin səhhətində heç bir problem yoxdur”.
Əliyar Xəlil
Globalinfo.az