Xəzəri mühasirəyə alan məmurlarla niyə bacarmaq olmur? – Tural Abbaslıdan mühüm təkliflər

Artıq xeyli vaxtdır ki, dəniz mövsümü başlayıb. Lakin əksər plyajlara giriş mümkün deyil. Çünki uzun illərdir ayrı-ayrı oliqarxlar, məmurlar Xəzər dənizini sözün əsl mənasında zəbt ediblər, bir neçə rayonda çimərliyi hasara alıblar.

Mövzu vaxtaşırı mətbuatda, sosial şəbəkələrdə gündəmə gətirilsə də, hasarı çəkən şəxslərin adları açıq şəkildə yazılsa da, məsələ öz həllini yenə tapmır.
Ötən il yay aylarında kampaniya xarakterli hadisə baş verdi və bir neçə qanunsuz estakada, o cümlədən hasarlar söküldü. Maraqlıdır ki, həmin proses yarımçıq qaldı və Xəzəri mühasirəyə alan çəpərlər, hasarlar hələ də mövcuddur. Bəs bunun qarşısını ala bilməməkdə səbəb nədir?

Globalinfo.az-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib ki, Xəzər dənizinin hasarlanması uzun illərdir davam edir və hər kəsə məlumdur ki, bunu sadə vətəndaşlar edə bilməzlər:

“Çünki həmin ərazilərin bazar qiymətləri (torpaq, məkan olaraq) hər kəsə məlumdur. Adi yaşayış olmayan yerdə vətəndaş bir daşı daş üstünə qoyan kimi, ən azı 4-5 dövlət qurumundan gəlirlər. Görün sıravi insan dəniz kənarını hasarlamaq istəsə, başına nə oyun açarlar. Bu da onu deməyə əsas verir ki, burada böyük əksəriyyətin hamısı məmur və onların yaxın ətrafıdır. Problem illərdir qaldırılır, amma nəticə yoxdur. Bakının elə kəndləri var ki, düz ortasından hasar çəkiblər, dənizə ümumiyyətlə çıxış yoxdur. Bu necə bir şeydir, niyə belə edilir, məqsəd nədir bilən yoxdur”.

T.Abbaslı deyib ki, insanlar etiraz səslərini ucaltmalıdırlar:

“Ölkə səviyyəsində bu məsələ gündəmə gəlməlidir ki, həllini tapsın. Hələlik müəyyən yerləri hasarlayıblar, amma bir müddət sonra ümumiyyətlə, oraları öz ata malı kimi sənədləşdirib xalqı dənizdən məhrum edəcəklər. Hətta ölkə başçısı da bir neçə dəfə bu barədə danışıb və həmin hasarların dərhal sökülməli olduğunu qeyd edib. Görünür, heç kimin vecinə deyil.

Bəziləri deyə bilər ki, bəs bu iqtidarın öz nəzarətindədir. Lakin prezident Gədəbəy hadisələri ilə bağlı son çıxışında da qeyd etdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən narazıdır. Çünki onun buradan xəbəri olmayıb və məruzə etməyib. Prezidentin çıxışından sonra indi də deyirlər ki, guya həll edilib, ya məsələni digər məsələ ilə ört-basdır edirlər. Camaat isə heç nə edə bilmir. Etiraz edən kimi adını təxribatçı qoyurlar, iğtişaşçı elan edirlər. Ona görə də, insanlar etiraz formasını özləri seçməlidirlər. Çünki məmurlara edilən istənilən etiraz müxtəlif yönlərə yozulur”.

Zaira Akifqızı
Globalinfo.az