Dəhşətli və qorxulu bir statistika açıqlanıb. Məlum olub ki, Azərbaycanda ilk dəfə xərçəng diaqnozu qoyulanların sayı son 15 ildə 73 faiz artıb. Bu rəqəm xəstəliyin ölkədə nə üçün bu qədər artması ilə bağlı ciddi narahatlıq yaradıb.
Xərçəng hallarının artmasına əsas səbəb nədir? Qidalanmamız, qəbul etdiyimiz dərmanlar, hava və ətraf mühit, yoxsa nə?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, xərçəng xəstəliyinin və digər bədxassəli xəstəliklərin artma tendensiyası bütün dünyada müşahidə edilir:
“Bunun bir tərəfdən əhalinin sayının artması ilə bağlı olduğunu düşünmək olar. Lakin əhali sayına nisbətdə də bu xəstəliklərin artdığı müşahidə edilir. İkinci tərəfdən isə ekologiya və digər məlum səbəblərlə bağlı xəstəliklərin sayı artır. Ümumiyyətlə, ayrı-ayrı orqanların xərçəngində diferensiasiya dərəcəsindən, hüceyrə strukturundan, genetik və digər xüsusiyyətlərdən asılı olaraq 10 mindən çox növ mövcuddur. Bunların hamısı xərçəng adı altında ümumiləşdirilir. Amma onların öz elmi adları var. Xərçəng kətan deyil və bu, sadəcə simvolik bir ad olaraq qoyulub”.
A.Qeybula bədxassəli xəstəliklər nədən qaynaqlandığına belə aydınlıq gətirib:
“Təbii ki, müxtəlif fiziki, kimyəvi və digər səbəblərdən qaynaqlanır. Amma bir qrup insan var ki, onlarda anadangəlmə gen mutasiyaları olur və ya sonradan qazanılmış mutasiyalar yaranır. Bu da genetik, yəni irsiyyətə bağlı xəstəliklərin yaranmasına səbəb ola bilər. Məsələn, xüsusi genlər var. Həmin genlərdə mutasiya olduqda anada və ya uşaqda süd vəzisi xərçəngi yarana bilər. Buna görə xaricdə skrininq müayinələri aparılır və belə insanlar nəzarətdə saxlanılır. Yaxud müxtəlif genlərin mutasiyası müəyyən yaşda yoğun bağırsaq xərçənginə gətirib çıxara bilər. Yəni bu ehtimal həmin şəxslərdə daha yüksək olur”.
Professorun sözlərinə görə, əsasən xərçəngin yaranması qazanılmış səbəblərlə bağlıdır:
“Qazanılmış səbəblərə qidalanma, radiasiya, müxtəlif fiziki faktorlar, ağır metal duzlarının bədəndə toplanması, pis vərdişlər, siqaret çəkmək, həddindən artıq alkoqol qəbulu, narkotik maddələr, qəlyan və digər amillər daxildir. Elektron siqaretlər də burada qeyd olunmalıdır. Bütün bu pis vərdişlər xərçəng üçün zəmin yarada bilər. Ümumiyyətlə, məsələn, sərbəst radikalların qidalarda həddindən artıq olması bu gün çox böyük narahatlıq doğurur. Xüsusilə hazırda mağazalarda geniş satılan rafinə olunmuş bitki yağları – zeytun yağı, qarğıdalı yağı və sair.
Adil Qeybulla
Bu yağların heksanla rafinə olunduğu, neftdən alınan məhsullardan istifadə edildiyi bildirilir. Rafinasiya prosesindən keçdiyinə görə onların tərkibi ilə bağlı müxtəlif narahatlıqlar ifadə olunur. İnsanlar da bunlardan geniş istifadə edirlər. Bu gün küçələrdə satılan müxtəlif pirojkilər, bişmiş məmulatlar, fast-food məhsulları və digər qidalar bu cür yağlarda bişirilir. Yağların özünün keyfiyyət parametrləri, o cümlədən kərə yağı ilə bağlı məsələlər də önəmlidir. Bunların tərkibində xeyli problemlər var. Dəfələrlə bu barədə deyilib, yazılıb. Konservləşdirilmiş qidaların tərkibində olan qida əlavələrinin keyfiyyət parametrləri də müşahidə olunur və bu da bir problemdir”.
Adil Qeybulla bildirib ki, müxtəlif peşə qrupları – kimya işçiləri, kanseroloqlar, energetika işçiləri və digər sahələrdə çalışan insanlar da müəyyən risklərlə üzləşə bilirlər:
“Bütün bunlar sonda xərçəng xəstəliyinin inkişafına gedən yollardan biri ola bilər. Ona görə hesab edirəm ki, sadəcə nəzərə alınmalıdır ki, radiasiyadan söhbət gedirsə, burada ionlaşdırıcı radiasiya nəzərdə tutulur. Mobil telefonların və genetik modifikasiya olunmuş ərzaqların, bitkilərin, xüsusi meyvələrin xərçəng törətməsi ilə bağlı hələlik aparıcı tibbi mərkəzlərin yekdil rəyi yoxdur. Yəni bununla bağlı məsələ müzakirəlidir və açıq olaraq qalır. Amma xeyli faktorlar var ki, bəli, onların təsiri məlumdur. Sonra hava çirklənməsi, böyük şəhərlərdə avtomobillərin buraxdığı qazlar, yəni fosil yanacağın yanması nəticəsində yaranan məhsullar da xərçəngə gətirib çıxaran amillər sırasındadır”.
Professor deyib ki, visurlar da xərçəngin yayılmasında rol oynayır:
“Herpes virusu, hepatit B virusu, papillomavirus qadınlarda və kişilərdə xərçəngin yaranmasına səbəb ola bilən viruslar qrupuna aiddir. Yəni çoxsaylı səbəblər var və bunlar getdikcə artır. Bir tərəfdən elmin nailiyyətləri artır, xərçəng xəstəliyinə qarşı mübarizə imkanları genişlənir, digər tərəfdən isə xərçəngi törədən amillər də artır və proses hələlik bu istiqamətdə gedir. Ümumiyyətlə, düşünürəm ki, qidalanma, əhali artımı və digər amillərlə əlaqədar olaraq getdikcə xərçəng xəstəliyində böyük artım dinamikasının şahidi olacağıq”.
Zaira Akifqızı
Globalinfo.az