Xankəndinin deputatından önəmli açıqlamalar: “Bu məqam xunta rejiminin yuxusunu ərşə çəkdi”

Azərbaycan Qarabağda yaşayan ermənilərə reinteqrasiya təklif etsə də, onların böyük qismi Ermənistana köçüb. Xüsusən Xankəndi şəhərində yaşayan ermənilərin buranı tərk etməsi yaxın vaxtlarda azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasına zəmin yaradır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Xankəndi şəhərinin deputatı Tural Gəncəliyev deyib ki, Xankəndi şəhərində yaşayan və hazırda ora geri dönmək istəyən erməni sakinlərin reinteqrasiyası üçün Azərbaycan dövlətinin çox konstruktiv təklifləri var:

Tural Gəncəliyev

“Təkliflər həmin vətəndaşların sosial, iqtisadi, təhlükəsizlik və digər aspektləri əhatə edir, reinteqrasiyanın tam şəkildə həyata keçirilməsinə hesablanıb. Bu vaxta qədər bizim qarşımızda problemlər var idi ki, xunta rejimi Xankəndidə və digər yerlərdə yaşayan erməni sakinlərin reintegrasiya olmasını istəmirdilər. Ona görə ki, qurduqları mifin darmadağın ediləcəyini bilirdilər.

Xunta rejimi illər boyu Azərbaycanı, dövlətimizi, xalqımızı pis imicdə təqdim etməyə çalışıb. Lakin reinteqrasiya prosesinin başlaması ilə onların bu mifi də dağılmış olur. Çünki Azərbaycan bütün erməni sakinlərinə reinteqrasiya, Azərbaycan vətəndaşı olmaq, əmin-amanlıqda yaşamaq, fıravan həyat sürmək imkanlarını təqdim və təklif edir. Bu da xunta rejiminin qara kabus kimi yuxusunu ərşə çəkən bir məqam idi”.

T.Gəncəliyev xunta rejiminin artıq mövcud olmadığını deyib:

“Ərazilərimizdə boz zona mövcud deyil. Ona görə də reinteqretsiya prosesi çox asan şəkildə davam edəcək və bundan da bütün sakinlər yararlanacaq. Bunun üçün Azərbaycanın müvafiq qurumları hərəkətə keçiblər, web portal fəaliyyət göstərir. Ancaq bu web portal bildiyimiz kimi, Ermənistanın kibertəhlükəsizlik qrupları tərəfindən bloklanıb ki, həmin insanlara məlumat çatmasın, onların heç nədən xəbərləri olmasın”.

Zaira Akifqızı
Globalinfo.az