Xankəndidə ilk körpə dünyaya gəlib: ailəsinə mənzil ayrıldı – FOTOLAR

Antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib.

Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəliyindən Globalinfo.az-a verilən məlumata görə, Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin əməkdaşı Abdullayev Abbas Məmməd oğlu ilə həmin qurumda mühəndis kimi çalışan həyat yoldaşı Namazlı Səadət Faddin qızının övladı dünyaya gəlib.

Rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Xankəndi şəhərində 33 ildən sonra ilk azərbaycanlı körpənin dünyaya göz açması qürurverici hadisə olmaqla yanaşı, bu torpaqlarda həyatın yenidən canlanmasının daha bir müjdəsidir.

Qeyd edilib ki, gənc ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ailəyə Xankəndi şəhərində mənzil ayrılıb.

***17:13

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, doğulan körpənin cinsi kişi, çəkisi 3 000 qr, boyu 49 sm-dir.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.