uh8eg7c mojtaba

İran Xarici İşlər Nazirliyi Ali rəhbər Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmamasını müharibə şəraiti ilə əlaqələndirib. Nazirliyin sözçüsü İsmayıl Bəqainin sözlərinə görə, ABŞ-la İsrail tərəfinin, eləcə də beynəlxalq medianın yaydığı məlumatların əksinə, Müctəba Xamenei hücumlar zamanı zərər görməyib və tam sağlamdır. Sözçü qeyd edib ki, müharibə dövründə Ali rəhbərin ictimaiyyət qarşısında görünməməsi qeyri-adi hal deyil.

Bəs Müctəba Xamenei əslində haradadır? İran niyə onunla bağlı gerçəkləri gizlədir?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz bildirib ki, hər müharibədə dini liderlərin, dövlət başçılarının, yüksək vəzifəli məmurların istər ölü, istərsə də ağır yaralı olsun, vəziyyəti gizli saxlanılır:

“Əgər Müctəba Xamenei həqiqətən ölübsə və ya ağır yaralanıbsa, bu, “yeni dini lider də öldürülüb”, “İran öz dini liderini qoruya bilmir” təəssüratını yaratmamaq üçündür. Bu, döyüşən əsgərlər, İran ictimaiyyəti və İran tərəfdarları arasında əhvali-ruhiyyənin və motivasiyanın aşağı düşməsinin qarşısını almaq və onların döyüş ruhunu, qətiyyətini qorumaq üçün gizlədilə bilər. Ağır yaralanıbsa, komadadırsa və ya ölübsə belə, bu vəziyyət qüvvələr balansı yaranana qədər gizli saxlanılacaq.

Əgər sağdırsa və yaxşı vəziyyətdədirsə, harada olduğu barədə qeyri-müəyyənlik yaratmaq üçün sükutla ört-basdır etməyə çalışa bilərlər. Bu onun yenidən hədəfə çevrilməsinin qarşısını almaq məqsədi daşıyır. Əgər sağdırsa, sistem fəaliyyət göstərməyə davam edir, liderlik zənciri qorunub saxlanılır və komandanlıq zənciri müəyyən şəkildə davam edir, müharibə daha nəzarətli şəkildə aparılır, strateji qərarlar mərkəzləşdirilmiş şəkildə qəbul edilir və həm ordu, həm də ictimaiyyət arasında panikanı azaldır. Bu yolla İran daha uzun müddət müqavimət göstərə bilər”.

Ismaiul cingoz 242

Politoloq qeyd edib ki, M.Xamenei sağ deyilsə, bunun nəticələri fərqli olacaq:

“Birincisi, liderlik böhranı yaranacaq. İkincisi, İnqilab Keşikçilərinin (SEPAH) administrasiyaya təsiri və müharibənin gedişatında, eləcə də idarəetmədə və müharibədən sonrakı vəziyyətdə dəyişikliklər yarana bilər. Əgər o ölsəydi, yeni dini liderin kim olacağı sualı ortaya çıxardı. İran dərin dövləti daxili qarışıqlığa səbəb ola biləcəyini nəzərə alaraq bunu gizli saxlaya bilərdi. İnqilab Keşikçiləri özlərinə yaxın birinin yeni dini lider olması üçün təzyiqi artıra və ya qısa müddətdə nəzarətsiz hücumlar başladıla bilərdi. Qisas refleksi komandanlıq zəncirini qırar, koordinasiya pozular və strateji səhvlər yaranardı. Buna görə də, qədim dövlət ənənəsinə əsaslanan İran Müctaba Xameneinin vəziyyətini gizlədir”.

Ekspertin sözlərinə görə, İsrail və Amerikada çaşqınlıq yaratmaq üçün də İran bunu qəsdən gizlədə bilər:

“Müctəba Xamenei dini liderliyi və SEPAH üzərində əhəmiyyətli təsiri səbəbindən əsas fiqurdur. Buna görə də, görüntülərin və səslərin olmamasının təklikdə heç nəyi sübut etmədiyi qənaətinə gələ bilərik. Qeyri-müəyyənliyin öz strategiyası var. Görünür, İran bu strategiyadan öz xeyrinə istifadə etməyə çalışır. Yəni İran dini lider Müctəba Xamenei öləcəyi təqdirdə kimin hakimiyyətə gələcəyi ilə bağlı qeyri-müəyyənliyi qoruyub saxlayacaq. Bu, İranda dini quruluşun, yoxsa İnqilab Keşikçilərinin daha təsirli olacağı barədə suallar doğuracaq”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: