arman qriqoryan

Moskvanın Avropa Birliyinin mülki missiyasına sərt reaksiyasına baxmayaraq, Kreml bunda maraqlı da ola bilər.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın Lihay Universitetinin professoru, erməni politoloq Arman Qriqoryan çıxış edib.

“Moskva Qərbin fəaliyyətlərinə qısqanclıqla yanaşır və güman edir ki, AB onu Cənubi Qafqazdan çıxarmaq istəyir. Lakin bu reaksiyaya baxmayaraq, Rusiya həmçinin AB mülki missiyasının genişlənməsində maraqlıdır. Çünki Moskva üçün artıq Azərbaycanın bir sıra fəaliyyətlərinin qarşısını təkbaşına almaq çox çətinləşib”, – o bildirib.

Ekspert AB mülki missiyasının funksiyalarının məhdud olduğunu və Rusiyanın strateji maraqlarına ciddi zərbə endirəcəyinə inanmadığını söyləyib. Onun fikrincə, əgər Ermənistan Rusiya ilə müttəfiqlik münasibətlərini pozub, 102-ci bazanı ölkədən çıxartmaq istəsə, bu zaman Moskvanın reaksiyası çox sərt olacaq:

“Ermənistan hakimiyyətinin dəqiq, davamlı mövqeyi yoxdur. Onlar situativ olaraq qərar qəbul edərək, gah Moskvaya sənəd imzalamağa gedirlər, gah da Qərbə yollanıb bəzi vədlər verirlər. Qərb üçün Ermənistan heç bir strateji əhəmiyyət kəsb etmir ki, ona görə Türkiyə və Azərbaycana qarşı mübarizəyə qalxsın. Rusiyaya gəlincə isə o, Ermənistanın maraqlarını onun mövqeyinə uyğun olana qədər müdafiə edir. Biz başa düşməliyik ki, hansı məsələlərdə Moskvadan dəstək gözləməyə dəyər”.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: