Uqandalı nazir xalqı təhqir etdi

Uqandada aclıqdan ölən insanları “axmaq” adlandıran nazirə ictimaiyyətdən böyük təpki gəlib.

Globalinfo.az xəbər verir ki,  Uqandanın xarici işlər naziri Henri Oryem Okello televiziya kanalına verdiyi müsahibədə Uqandanın geniş ərazisi və iqlimi ilə kənd təsərrüfatı üçün əlverişli ölkə olduğunu deyib.

O, Uqandada aclıqdan ölən adamın əsl axmaq olduğunu dilə gətirib:

“Əgər çox çalışsanız, Uqandada əkib-becərmək üçün torpaq var. İqlim dəyişikliyinə baxmayaraq, hava şəraiti əkin üçün çox uyğundur. Torpağı şumlayın, toxum əkin və məhsul yığın. Qida əldə etmək üçün necə problem yaşaya bilərsiniz?”, – deyə uqandalı nazir xalqa səslənib.

Uqandalılar sosial şəbəkədə bu sözlərə reaksiya verərək nazirin istefasını tələb ediblər. Xatırladaq ki, ötən il parlamentə təqdim edilən hesabatda 2022-ci ildə ölkədə 2200 nəfərin aclıqdan və ya aclıqla bağlı olan xəstəliklərdən öldüyünü açıqlayıb.

Əliyar Xəlil,

Globalinfo.az