Macarıstan texniki məsləhətləşmələr zamanı Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların iki istiqamət üzrə başlanmasına mane olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Söhbət Ukraynanın Aİ-nin vahid bazarına inteqrasiyası, həmçinin iqtisadi və sosial siyasətin genişləndirilməsi ilə bağlı danışıqlardan gedir.
Nəşrin yazdığına görə, Avropa rəsmiləri hesab edirlər ki, Macarıstanın dəstəyini qorumaq üçün Budapeştə siyasi təsir göstərmək lazım gələcək.
Adı açıqlanmayan Macarıstan rəsmisi isə bildirib ki, Ukraynaya Qərbi Balkan ölkələri ilə müqayisədə daha əlverişli münasibət göstərilməməlidir.
Onun sözlərinə görə, həmin namizəd ölkələr illərdir Aİ-nin tələblərini yerinə yetirməyə çalışırlar.
Xatırladaq ki, iyulun əvvəlində Macarıstan Avropa İttifaqının Ukrayna ilə üzvlük danışıqlarının növbəti mərhələsinə başlamasına razılıq versə də, ölkənin Aİ-yə qəbul prosesinin sürətləndirilməsinə qarşı çıxmışdı.
Bundan əvvəl isə “Euronews” bir neçə diplomat və rəsmiyə istinadən yazmışdı ki, Macarıstanın mövqeyi səbəbindən Avropa İttifaqı Ukraynanın üzvlüyü ilə bağlı planını dəyişib və əvvəl nəzərdə tutulan beş deyil, iki danışıq blokunu açmağa çalışır.
Əliyar Xəlil
Globalinfo.az