Ağ Ev Ukraynaya enerji, humanitar yardım və minatəmizləmə üçün əlavə yardım paketini açıqlayıb. ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya dəstəyin artırılması üçün əlavə 700 milyon dollar yardım ediləcəyini bildirib.
Bu günə qədər Ukraynaya bir çox ölkə tərəfindən yardım edilib və bu dəstəklər davam edir. Lakin rəsmi Kiyev müharibənin gedişini öz xeyirinə dəyişə bilmir.
Bunun səbəbi nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Ukraynaya yeni yardımın verilməsi xeyli vaxtdır müzakirə mövzusu idi:
“Bunun 3 səbəbi var:
1. Ukraynanın müdafiə gücünü artırmaq;
2. Rusiya ekspansiyasını dayandırmaq.
3. Vəd olunan dəstək yalnız Ukraynaya verilmir. Bunun bir hissəsi İsrail cəbhəsində yer alır.
Rəsmi Kiyevə verilən silah-sursat, hərbi texnika və ya digər yardımlar onun müharibədə qələbə qazanmasına deyil, özünü müdafiə etməsinə hesablanıb. Ukraynanın qarşısında duran Rusiyaya qarşı uğur əldə etmək üçün hansı silahlardan necə və hansı həcmdə verilməli olduğu da sual yaradan məsələdir.
Bu gün Ukraynaya müharibə meydanının əldən çıxmaması üçün müdafiə gücünün artırılması lazımdır.
Digər tərəfdən, Ukrayna NATO ölkələri üçün bufer zona rolunu oynayır. Yəni Ukraynadan sonra həmin ölkələrin Rusiyanın hədəfinə düşməsi ehtimalı Qərbi narahat edir.
Moskvanın Şimali Koreya, Çin, İran və Belarus kimi silah təchizatçıları var. Buna görə də Rusiya ordusuna qalib gəlmək çətinləşib”.
Safura Bənnayeva