putin

Ukraynanın Rusiyaya endirdiyi zərbələrin intensivləşməsi fonunda Moskva da hədəfə çevrilib. Baş verən hücumlarla bağlı Kreml hələlik sərt reaksiya vermir və Prezident Vladimir Putinin susqun mövqeyi diqqət çəkir. Eyni zamanda, Rusiyada Krımın təhlükəsizliyi, gələcəyi ilə bağlı həyəcan təbili çalınır.

Rusiya həqiqətən çarəsiz durumdadır, yoxsa bu rəftar taktiki gedişdir?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlar Rusiyanın təhlükəsizlik sisteminin imkanları ilə bağlı yeni reallıqları üzə çıxarır:

“Paytaxt yaxınlığındakı neft emalı zavodlarının vurulması, hava limanlarının fəaliyyətinin müvəqqəti dayanması və Krıma uzanan təchizat xətlərinin hədəfə alınması bunun əsas göstəriciləridir. Doğrudur, Putin əvvəlki dövrlərlə müqayisədə daha təmkinli ritorika nümayiş etdirir. Mövcud vəziyyətə nəzər saldıqda Rusiyanın ciddi təzyiqlə üzləşdiyini demək mümkündür. Ukrayna son aylarda pilotsuz sistemlərdən istifadə imkanlarını əhəmiyyətli dərəcədə artırıb və nəticədə Rusiyanın enerji infrastrukturu, hərbi logistika şəbəkəsi və nəqliyyat qovşaqları daha tez-tez hədəfə çevrilib. Xüsusilə Krıma yanacaq və hərbi yüklərin daşınmasında problemlərin yaranması, bəzi bölgələrdə yanacaq qıtlığının müşahidə olunması, logistika marşrutlarının təhlükəsizliyinin sual altına düşməsi göstərir ki, Ukraynanın hücumları müəyyən əməliyyat nəticələri verir”.

yusif bagirzade 900x498 1

Yusif Bağırzadə

Politoloq bildirib ki, baş verənləri Rusiyanın tam çıxılmaz vəziyyətə düşməsi kimi qiymətləndirmək hələ tezdir:

“Təcrübə göstərir ki, Kreml böhran anlarında daha çox uzunmüddətli hesablamalara əsaslanan davranış nümayiş etdirməyə çalışır. Putinin sərt bəyanatlardan müəyyən qədər uzaq durması da zəiflikdən çox vəziyyətə nəzarət görüntüsünü qorumaq məqsədi daşıyır. Moskva anlayır ki, hər hücuma yüksək tonlu cavab Ukraynanın informasiya müharibəsində əldə etmək istədiyi psixoloji effekti gücləndirə bilər. Buna görə də Kremlin hazırkı strategiyası təhlükəni etiraf etməklə yanaşı, cəmiyyətə vəziyyətin nəzarət altında olduğu mesajını verməyə hesablanmış görünür”.

Ekspertin sözlərinə görə, Krımla bağlı əsas narahatlıq hərbi məğlubiyyət ehtimalı deyil, bölgədə logistik və strateji risklərin getdikcə artmasıdır:

“Krım Rusiyanın Qara dənizdəki hərbi mövcudluğunun əsas dayaqlarından biridir və yarımadanın təchizatında yaranan istənilən problem Moskvanı ciddi şəkildə narahat edir. Lakin hazırkı mərhələdə Krımın yaxın perspektivdə tamamilə itirilməsi barədə danışmaq üçün kifayət qədər əsas yoxdur. Zənnimcə, Moskvanın üzləşdiyi vəziyyət həm Kremlin tam aciz qalması, həm də  görüntü xarakterli taktiki oyun deyil. Sadəcə Rusiya ilk dəfə olaraq müharibənin təsirlərini öz dərin arxa cəbhəsində daha aydın hiss edir və buna uyğun yeni müdafiə modeli qurmağa çalışır. Putinin təmkinli davranışı isə həm daxili auditoriyanı sakitləşdirməyə, həm də eskalasiyanın idarə olunan səviyyədə saxlanmasına xidmət edən siyasi-hərbi taktikanın tərkib hissəsidir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: