Ukrayna müharibədə yeni taktikaya keçdi – Nəticəsi olacaqmı?

Ukrayna Rusiyanın sərhəddən çox uzaqda yerləşən neft emalı müəssisələrinə silsilə dron hücumları təşkil edir. Bu isə Rusiya istehlakçıları üçün dizel qiymətlərinin artmasına səbəb olub. Hökumətin rəqəmlərinə görə, son həftədə dizel yanacağının qiyməti 10 faizə yaxın bahalaşıb.

Maraqlıdır, bu amil mövcud müharibədə necə rol oynayacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, hazırda Rusiyanın enerji sektoru, karbohidrogen ehtiyatları, onların emalı və ixrac istiqamətləri Moskva iqtisadiyyatının ürəyidir:

“Müəyyən sahələrdə sanksiyalar tətbiq olunsa belə, yuxarı qiymətdən neft və neft məhsulları ixrac olunur. Bununla bağlı xarici mətbuatda 12-dən çox böyük tankerin yoxa çıxdığına dair məlumatlar yayıldı. Görünür, bir çox ölkələr Rusiyaya sanksiyalardan yayınmaq üçün kömək edir”.

Ekspertin sözlərinə görə, Rusiyanın neft obyektlərinin hədəfə alınması davamlı olacaq:

“Qərb müharibəni Rusiyanın daxilinə daşımaq istəyir. Rusiyanın enerji sektorundan asılı olan ölkələr müəyyən mənada problemlər yaşayacaq. Burada istehsal olunan benzindən, dizel yanacağından asılı olan dövlətlər təchizatda çətinliklərlə qarşılaşacaq. İstehsal, emal həcmləri azalacaq. Yəni Ukrayna Rusiya ilə müharibədə effektiv taktikaya keçid alıb”.

Safura Bənnayeva
Globalinfo.az