ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter deyib ki, Ukraynada rusiyayönlü hökumətin yaradılması dövləti qoruyub saxlamağa imkan verəcək. O iddia edib ki, ölkəyə rusiyayönlü hökumət rəhbərlik etməsə, Ukrayna disfunksional vəziyyətə düşəcək.
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Rusiya-Ukrayna müharibəsinin yeni çalarlar qazanması, hər iki dövlətin işğala məruz qalması yeni ssenari və mülahizələri ortaya çıxarır:
“Ukraynada bundan öncə də rusiyameyilli hakimiyyətlər olub. Rusiya özünə sadiq şəxslər vasitəsilə Ukraynanı idarə edir, öz maraqları çərçivəsində bu ölkəyə istiqamət verirdi. Lakin Qərb müxtəlif metod və təsir vasitələri ilə Ukraynanı Rusiyadan uzaqlaşdırdı.
İlyas Hüseynov
Hazırkı vəziyyət iki ölkə arasında əsrlərlə davam edəcək ziddiyyətlərin əsasını qoyur. Bundan başqa, insanların yaşadığı ərazilərdən didərgin düşməsi, başqa ölkələrə üz tutması bu ədavəti daha da dərinləşdirəcək. Xüsusilə Ukraynanın üzləşdiyi fəlakətlər bu xalqın əsrlərlə ruslara düşmən olmasına gətirib çıxaracaq”.
Politoloq hesab edir ki, ərazi itkisi ilə üzləşmək istəməyən ukraynalılar yenidən rusmeyilli birini hakimiyyətə gətirə bilər:
“Lakin Ukrayna tərəfi hələlik uduzmayıb və müharibə davam edir. Belə olan təqdirdə Kiyevin torpaqlarını işğaldan azad etməsi hələ də gündəmdədir”.
Turan Rzayev
Globalinfo.az